Məişət tullantılarını zibil qutusu əvəzinə küçəyə və ya başqa yerlərə atan şəxslər minlərlə manat cərimələnə bilər. Eyni qayda pozuntusunu bir il ərzində təkrar edənlər üçün daha ağır cəzalar nəzərdə tutulur.
Globalinfo.az ajans.az-a istinadən xəbər verir ki, məişət tullantılarının onlar üçün nəzərdə tutulan tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə edilir.
Bu pozuntuya görə inzibati tənbeh haqqında qərar qüvvəyə mindikdən sonra bir il ərzində eyni əməli təkrar törədən fiziki şəxslər 1 000 manat, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 5 000 manatdan 7 000 manatadək cərimələnə bilər.
Təkrar pozuntuya yol verən fiziki şəxslərə, işin halları və həmin şəxsin kimliyi nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər də tətbiq oluna bilər.

