Gündəm · Globalinfo.az

5,4 milyonluq qaçaqmalçılıq işi: Liman rəisi nə tapşırıbmış?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
5,4 milyonluq qaçaqmalçılıq işi: Liman rəisi nə tapşırıbmış? xəbəri üçün şəkil

Bakı Ağır Cinayətlər Məhkəməsində aksiz markası olmayan tütün məmulatlarının qaçaqmalçılığında təqsirləndirilən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin direktoru Rəşad Daşdəmirov və digər şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Globalinfo.az Lent.az-a istinadla xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid M.Ş. təqsirləndirilən şəxsləri tanıdığını bildirib:

“12 ilə yaxındır Hövsan limanında operator işləyirəm. Hadisə 2025-ci il aprelin 23-də baş verib. Həmin gün gecə növbəsində iş yoldaşımı əvəz edirdim. Limanın briqadiri Fərrux Haqverdiyevdən konteynerlərin yüklənməsi ilə bağlı tapşırıq aldım. Bir konteyner yüklədim, boş idi. Həmin vaxt postda olan əməkdaşları tanımıram, onlarla heç bir əlaqəm yoxdur”.

Digər şahid Ə.V. isə 7 ildir limanda işlədiyini deyib. O, hadisə günü konteynerlərin daşınması ilə bağlı aldığı tapşırıqlardan danışıb:

“Aprelin 24-də səhər işə gedirdim. Telefonumu evdə unutduğum üçün geri qayıtdım. Bu zaman Fərrux bəy zəng edib bildirdi ki, liman xidmətinin rəisi Zaur Haşımov məni işdə gözləyir. Tələsik işə çatdım, amma Zaur bəy orada yox idi. Daha sonra yenidən zəng gəldi və mənə 2-ci postdakı üç konteyneri 6-cı körpünün yanındakı kranın olduğu yerə aparmaq tapşırıldı. Konteynerlər dolu idi, lakin içərisində nə olduğunu bilmirdim. Gömrükdən keçərkən əməkdaşlardan biri əli ilə işarə edərək məni saxladı, amma yoxlama aparmadan buraxdı. İşimi bitirib yemək fasiləsinə çıxdım. Sonradan konteynerlərin aqibəti ilə maraqlanmadım”.

Şahid ifadəsinin davamında diqqətçəkən iddia səsləndirib:

“Hadisədən bir neçə gün sonra Zaur mənə dedi ki, səni istintaqa çağırsalar, belə bir şeyin olmadığını deyərsən, biz hər şeyi yoluna qoyacağıq”.

Məhkəmədə ifadə verən digər şahid Z.E. hadisə vaxtı 2-ci postda mühafizəçi işlədiyini bildirib:

“Həmin gün bir avtomobil gəldi, sürücü maşından düşdü. Bu barədə postun rəisi Kamran müəllimə məlumat verdim. 2-ci postun yanında dörd konteyner var idi. Orada bütün giriş-çıxışların qeydiyyatının aparıldığı kitabça olurdu. Ancaq həmin gün qeydiyyat aparmaq üçün mənə kitabça əvəzinə ağ vərəq verdilər. Axtarış zamanı həmin kitabça götürüldü”.

Şahid qismində dindirilən sürücü E.B. isə konteynerləri Maştağada yerləşən həyətlərdən birinə apardığını deyib:

“Mən sadəcə kranla konteynerləri Maştağada kimə məxsus olduğunu bilmədiyim bir həyətə boşaltmışam. Prorab Firuz zəng edib dedi ki, 7-8 konteyner gəlib, onları boşaltmaq lazımdır. Konteyneri həyətə boşaltdım, amma içərisində nə olduğunu bilmirdim. Konteyner boş idi. Bunu ona görə bildim ki, maşınımın dolu konteyneri qaldırmağa gücü çatmazdı”.

Hadisə vaxtı kran operatoru işləyən Q.M. də məhkəmədə ifadə verib:

“Briqadir Fərrux müəllimin göstərişi əsasında dörd konteyneri gəmidən boşaltmışam. Lakin onların içərisində nə olduğunu bilmirdim. Həmin gün gömrük inspektorlarından Tahir müəllim də orada olub”.

Məhkəmənin növbəti iclası noyabrın 13-də saat 16:00-a təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin və gömrük orqanlarının bir sıra əməkdaşlarının, eləcə də digər şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanılıb.

İstintaqla “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, baş direktor Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, briqadir Fərrux Haqverdiyev, gömrük postunun rəisi Fərid Usubov, gömrük inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri, böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, həmçinin digər şəxslərin mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

İttihama görə, həmin şəxslər Birləşmiş Ərəb Əmirlikləri və İrandan ümumi dəyəri 5,4 milyon manatdan artıq olan, aksiz markası ilə markalanmalı tütün məmulatlarını müvafiq markalar olmadan gəmilər vasitəsilə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriblər.

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3-cü (aksiz markası ilə markalanmalı malları belə marka olmadan satış məqsədilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İbtidai istintaq dövründə bir sıra təqsirləndirilən şəxslər barəsində həbs, Firuz Əliyev barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İstintaqdan yayındıqları bildirilən digər şəxslər barəsində qiyabi həbs qərarı çıxarılaraq beynəlxalq axtarış elan olunub.

Ruslan Eyyubov daha sonra səhhəti ilə əlaqədar məhkəmə qərarı əsasında ev dustaqlığına buraxılıb. Onun cinayət işi üzrə istintaq araşdırması davam edir.

Qeyd edək ki, Baş Prokurorluq 2025-ci il dekabrın 23-də qaçaqmalçılıq ittihamı ilə bir sıra vəzifəli şəxsin saxlanılması barədə məlumat yayıb.

2026-cı il iyunun 5-də təqsirləndirilən şəxslərdən Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oktyabrın 2-də keçirilən prosesdə isə məhkəmə müdafiəçilərin vəsatətini təmin edərək təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə qərar qəbul edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑