Azərbaycanın qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb.
Futbolpress.az xəbər verir ki, üçüncü təsnifat mərhələsi çərçivəsində səfərə yollanan ölkə çempionumuz noyabrın 3-də Bolqarıstanda “Maritsa” (Plovdiv) kollektivi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş Tovuz təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
İlk iki hissədə eyni hesabla (25:22) üstün olan komandamız üçüncü setdə də (25:20) rəqibə üstün gələrək matçın yekun nəticəsini rəsmiləşdirib.
Xatırladaq ki, “Turan” daha əvvəl ikinci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” klubunu həm 3:0, həm də 3:2 hesabı ilə məğlub edərək bu mərhələyə yüksəlmişdi.
Cütün cavab qarşılaşması noyabrın 10-da Tovuzda keçiriləcək.




