Azərbaycan klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti oyunlarını keçiriblər.
Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandası turnirdə mübarizəni dayandırıb. Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 2-ci təsnifat mərhələsinin cavab oyununda Xorvatiya təmsilçisi “Dinamo”nun qonağı olub. Zapreşiç şəhərində keçirilən matç meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıdakı ilk görüşdə də 1:2 hesabı ilə uduzan “atlılar” avrokuboklarla vidalaşıblar.
“Sabah”ın U-19 komandası isə UEFA Gənclər Liqasının əsas mərhələsində 4-cü tur matçına çıxıb. Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv səfərdə Norveç təmsilçisi “Vikinq”lə qarşılaşıb. “Sandnes Ulf Arena”da baş tutan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeydə alınan nəticələr:
UEFA Gənclər Liqası
Dinamo U-19 (Zaqreb, Xorvatiya) – Qarabağ U-19 7:0 (İlk oyun – 2:1)
Vikinq U-19 (Norveç) – Sabah U-19 5:0
Qeyd edək ki, “Sabah” daha əvvəl Dortmund “Borussiya”sına (0:2), “Slaviya”ya (0:3) və “Mançester Yunayted”ə (0:5) məğlub olub.
Masazır təmsilçisi növbəti matçını noyabrın 25-də “Barselona”ya qarşı keçirəcək.




