Monteneqronun Budva şəhərində təşkil olunan boks üzrə U-17 Avropa çempionatında Azərbaycan milli komandası növbəti uğurunu əldə edib.
Futbolpress.az xəbər verir ki, yığmamızın üzvü Həsrət Məmmədov (46 kq) qitə birinciliyində fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Həlledici qarşılaşmada Rumıniya təmsilçisi Kristi Kaşu ilə üz-üzə gələn idmançımız gərgin keçən döyüşün sonunda rəqibinə məğlub olaraq yarışın gümüş medalına yiyələnib.
Həsrət Məmmədovun bu uğuru ilə Azərbaycan millisinin Budvadakı ümumi medal sayı 6-ya çatıb. Buna qədər komandamızın heyətində Cəmilə Muradlı (57 kq) qızıl, Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə bürünc mükafatlara sahib çıxmışdılar.
Hazırda aktivində 1 qızıl, 2 gümüş və 3 bürünc medal olan milli komandamızın daha iki boksçusu bu gün çempionluq uğrunda final döyüşünə rinqə çıxacaq.




