Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan yığması qarışıq komanda yarışında 1/8 final görüşünə çıxıb.
Futbolpress.az xəbər verir ki, yığma bu mərhələdə Yaponiya ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsiylə başa çatıb – 4:1. Bununla da komanda mübarizəni vaxtından əvvəl dayandırıb.
Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi 70 kq) və Madina Kaisinova (+70 kq) yer alıblar.
Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi 73 kq) , Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi 90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandanın heyətinə daxil ediliblər.
Milli Gimnastika Arenasında baş tutan səkkizinci yarış günündə 18 ölkənin 192 cüdoçusu komanda mübarizəsinə qoşulub.
Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.





