İdman · Futbolpress.az

“Arteta komandanı qurmaq üçün 5 il vaxt sərf etdisə…”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Arteta komandanı qurmaq üçün 5 il vaxt sərf etdisə…” xəbəri üçün şəkil

Misli Premyer Liqasının VII turunda doğma azarkeşləri önündə “Qəbələ”ni 4:1 hesabı ilə darmadağın edən “Sumqayıt”ın baş məşqçisi Felipe Kandido oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşdü:

– Axşamınlz xeyir. Hesab da aydın göstərir ki, biz bu gün qələbəni tam haqq etdik. Komandam matça ilk dəqiqələrdən çox yaxşı başladı, hücumda imkanlar yaratdıq və erkən qollar vurduq. 2:0 hesablı üstünlükdən sonra rəqib fərqi azaltsa da, dərhal reaksiya verərək 3-cü qolu vurduq. İlk yarıda oyuna tam nəzarət edərək fasiləyə 3:1 öndə yollandıq. Açığı, ikinci hissədəki oyunumuz o qədər də xoşuma gəlmədi. Futbolçular uzun müddətdir qələbə qazanmırdılar, ona görə də hesabı qorumaq üçün istər-istəməz müdafiəyə çəkildilər, bu da oyun planımıza bir qədər təsir etdi. Lakin 4-cü qolu vuraraq matçı rahat bitirdik. Xüsusilə milli oyunlar üçün yaranan fasilədə 15 gün ərzində heyətlə çox ağır və gərgin məşq prosesi keçmişdik. Qələbəyə görə həm özüm, həm də əziyyəti keçən futbolçularım adına çox şadam.

– Bu matçadək 5 oyunluq qələbəsiz seriya var idi. Bu faktor “Qəbələ” ilə görüşdən öncə üzərinizdə təzyiq yaradırdı?

– Futbolda təzyiqin olması tamamilə normaldır. Mən iyulun 10-da bura gəlmişəm, tam 3 aydır “Sumqayıt”da günün 24 saatını komanda qurmaq üçün çalışıram. Məsələn, Mikel Arteta “Arsenal”da istədiyi komandanı formalaşdırmaq üçün 5 il vaxt sərf etdi. Anlayıram, azarkeşlər və media dərhal möcüzə gözləyir, lakin məşqçilərə zaman lazımdır. Son matçlarda zədədən qayıdan və komandaya gec qoşulan heyəti tam formaya salmaq üçün müəyyən xalları qurban verməli olduq. Bu gün artıq həmin futbolçular 90 dəqiqə yüksək tempdə oynaya bilirlər. İllərlə fiziki bərpa prosesi keçən oyunçularımız var idi. Lakin bu cəmi bir qələbədir və 3 xaldır. Rahatlaşmağa haqqımız yoxdur, cümə günü bizi növbəti ağır matç gözləyir.

– Əvvəlki turlarla müqayisədə bu gün start heyətində daha çox yerli və gənc futbolçulara şans vermişdiniz. Bu, xüsusi taktiki gediş idi?

– Mənim üçün futbolçunun yerli və ya legioner olmasının heç bir fərqi yoxdur, onların hamısı “Sumqayıt”ın oyunçularıdır. Hər matç üçün ən hazır “11-liyi” meydana buraxıram. Nəzərə alın ki, fasilə zamanı cəmi 12-13 legionerlə məşq edə bildim, çünki yerli gənclərimizin böyük qismi U-20 və U-21 milli komandalarının düşərgəsində idilər. Gənc futbolçuların inkişafı üçün onlara şans verməliyik, lakin eyni zamanda komandanın nəticə qazanması üçün düzgün balans yaratmalıyıq.

– Milli komandası ilə 4 oyunluq qələbə seriyası yaxalayan Kriştiano Ronaldu barədə ölkəniz Portuqaliyadakı müzakirələrə münasibətiniz necədir? Ehtiyat komandaya göndərilən Nihad Əhmədzadənin bu gün meydana çıxması nə ilə bağlı idi?

– Ronaldo məsələsi hazırda Portuqaliya mediasında ən çox müzakirə olunan mövzudur. Lakin bu mənim həll edəcəyim problem deyil. Əsas odur ki, milli komandamız Ronaldosuz da 4 qələbə qazanıb. O, dünyanın ən yaxşı futbolçularından biridir, amma futbolda belə situasiyalar yaşanır. Nihad Əhmədzadəyə gəlincə, onun B komandasına göndərilməsi klubun daxili intizam qərarı idi. Portuqaliyada bu, çox normal praktikadır. Gənclər həm oyun təcrübəsi qazanmaq, həm də özlərini bərpa etmək üçün B komandasına göndərilirlər. Bu gün Nihad yenidən əsas komandada idi və şans alıb oynadı. Komandamız hər oyundan-oyuna daha yaxşı futbol sərgiləyir. Lakin hələ istədiyim ideal səviyyədən uzağıq. Azərbaycanda büdcəsi daha yüksək olan 4 iddialı klub var, digər komandalar isə bir-birinə çox yaxın səviyyədədir. Cümə gününə qədər az vaxtımız var, dərhal bərpa olunub növbəti matça hazırlaşmalıyıq.

Ayxan Zayıdzadə

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑