“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 3:1 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə sınaq qarşılaşmasını dəyərləndirdi:
— Faydalı görüş alındı. Heyətdəki bütün futbolçuları sınaqdan keçirmək imkanımız olmasa da, yanımızda oyunçulara lazımi fiziki yükü verə bildik. Müəyyən baxımdan maraqlı mübarizə izlədik. Xüsusilə qarşılaşmanın ilk 50-60 dəqiqəsindəki dinamika və temp rəsmi çempionat oyunlarından heç də geri qalmırdı”.
— Renaldo Sefasın zədəsi necədir?
— Futbolçumuz sabah düşərgəyə qayıdacaq. Günün ikinci yarısında nəzərdə tutulan tibbi müayinələrdən sonra zədəsinin dərəcəsi və son vəziyyəti dəqiqləşəcək.
— Milli fasilə komandanın hazırlıq prosesinə necə təsir edir?
— Fasilənin bizə heç bir xeyri yoxdur. Zəncirvari problemlər yaradır. Heyətdə yetərincə futbolçu qalmadığı üçün normal məşq prosesi qura bilmirik. Yığmalara dəvət alanlar isə qısa müddətdə dörd ağır matça çıxırlar. Bu da həddindən artıq fiziki yüklənmə deməkdir. Təkcə bizim üçün deyil, bütün klublar üçün ciddi çətinlikdir. Məsələn, Sefas formaya yeni girirdi, amma artıq dörd gündür yollarda qalıb, qayıda bilmir. Yığmalardan dönən digər oyunçuların da klub ritminə adaptasiya olunması vaxt aparacaq.
— Azərbaycan millisinin Lixtenşteynlə heç-heçə (0:0) etməsi haqqında nə düşünürsünüz?
— Müasir futbolda artıq zəif rəqib anlayışı qalmayıb, hər kəs inkişaf edir. İstər məşqçilərin, istərsə də futbolçuların beynəlxalq təcrübəsi artıb, asan qələbə deyə bir şey yoxdur. Əlbəttə, hamımız Lixtenşteynlə matçda daha yaxşı nəticə arzulayırdıq. Amma keçmişdə qalmaq olmaz, qarşıdakı görüşlərə köklənmək lazımdır. Yığmanın qarşısında iki vacib oyun var və maksimum xal toplamaq vacibdir. Komanda mənfi fikirləri üzərindən atmalıdır. İnanıram ki, uğurlu nəticələrlə bu düşüncələr geridə qalacaq.
Ayxan Zayıdzadə

