Türkiyənin Kocaeli vilayətinin Dərincə rayonunda iş adamı Zeynel Abidin avtomobilində ölü tapılıb. Onun idarə etdiyi lüks avtomobil yoldan çıxaraq meşəlik əraziyə düşüb və yanıb.
Hadisə Taşköprü yolunda baş verib. Hərəkətdə olan avtomobildən 112 Təcili Yardım Mərkəzinə avtomatik qəza bildirişi göndərildikdən sonra əraziyə təcili tibbi yardım, yanğınsöndürmə və jandarma qrupları cəlb olunub.
Hadisə yerinə çatan əməkdaşlar avtomobilin meşəlik ərazidə alovlandığını görüblər. Yanğın söndürüldükdən sonra avtomobilə baxış zamanı iş adamı Zeynel Abidinin meyiti aşkarlanıb.
Jandarmanın hadisə yeri araşdırma qrupları ərazidə və avtomobilin ətrafında təxminən beş saat müayinələr aparıblar. Yanaraq yararsız hala düşən avtomobil araşdırmalar başa çatdıqdan sonra evakuatorla ərazidən çıxarılıb.
İlkin ehtimala görə, Zeynel Abidin avtomobil idarə edərkən infarkt keçirmiş və nəticədə nəqliyyat vasitəsinə nəzarəti itirmiş ola bilər. Avtomobilin yoldan çıxaraq meşəlik əraziyə düşməsi və yanması da bu ehtimalla əlaqələndirilir.
İş adamının ölümünün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Hadisə ilə bağlı araşdırma davam edir.
Musavat.com


