Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb.
Editor.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasının 1999–2000-ci illərdən başladığını, 2005-ci il parlament seçkilərində isə bu mübarizənin daha təhlükəli xarakter aldığını deyib.
Həmin yazını olduğu kimi təqdim edirik:
“Hə, dostlar… Bu gün sizi illər öncəyə – 2005-ci ilə aparacağam. Bəlkə də, deyəcəksiniz “gecikmisən!” Yox, mən gecikmədim. Sadəcə, vaxtını gözlədim. Məni tanıyanlar bilir, səbrim çox genişdir… Gözlədim… Səbir etdim… Ta ki, həqiqətin üzə çıxdığı, məhkəmənin qərarını verdiyi günə qədər. Və bu gün – məhz o gündür. Heç vaxt yıxılanla mübarizə aparmamışam, bundan sonra da aparmaram. Amma Ramiz Mehdiyevin bu gününü səbirsizliklə gözləmişəm, yalan nə deyim? Onun iç üzü açılanda bu yazını yazacaqdım. Ancaq gördüm ki, vaxtilə ona “ata”, “ağsaqqal”, “rəhbər” deyib əl-ayağını öpənlər “Boz kardinal”ın əleyhinə elə yazılar yazdılar ki, mənim sözlərim onların arasında itib-batacaqdı. Ona görə də məhkəmənin qərarını gözlədim. Ramiz Mehdiyev… O məşhur “Boz kardinal”! 14 il həbs cəzası, milyardlarla sərvətin müsadirəsi… 1999–2000-ci illər… Rəhbərlik etdiyim qəzetin bağlanmasına çalışan, Siruz Təbrizlini üstümə göndərən, yolumu hər tərəfdən kəsməyə cəhd edən adam. Mənim kimi neçə-neçə insanın həyatına müdaxilə edən, vicdanlı, Vətənini sevən insanlara qarşı kin və nifrət bəsləyən Ramiz Mehdiyev!
İlk savaşım 1999–2000-ci illərdə başladı. Mehdiyevin qoruduğu, milyardlar qazandırdığı birindən müsahibə almışdıq. Həmin şəxsin Ümummilli liderimizə və ailəsinə qarşı dediyi sözləri dərc etmişdik. Mehdiyev məndən tələb edirdi ki, müsahibəni guya özümüzün uydurduğumuzu deyim. Etiraz etdim. Bu dəfə güc strukturlarından birinin rəhbəri zəng etdi. Ona da “yox” dedim! Axşam nazirin köməkçisi ofisimə gəldi. Natəvanın heykəlinə yaxın küçələrdən birində mənə birotaqlı ev təklif edirdi ki, müsahibəni əməkdaşımızın özünün yazdığını deyim. Belə olsaydı, bütün məsuliyyət həmin əməkdaşın üzərinə düşəcəkdi. Gerisinin necə olacağını isə özünüz bilirsiniz… Yenə “yox” dedim. Səhəri gün o vaxtkı mətbuat naziri Siruz Təbrizli məni nazirliyə çağırdı. Əvvəl çığırıb-bağırdı, sonra təkliflər yağışı başladı. Qəzeti bağlamağım müqabilində yeni adda qəzet, təzə kompüterlər və üstəlik, 20 min dollar təklif olunurdu. Cavabım qəti idi: “Mümkün deyil! Bu, olmayacaq!” Məhkəməyə verildim. Uzun mübarizə apardıq. Nazirliyin qarşısında qələm qırma aksiyasına qədər getdik. Nəhayət, Ümummilli liderimizin sayəsində məhkəmədə qalib gəldik, haqq-ədalət öz yerini tapdı.
Onu da deyim ki, bu məsələdə o vaxt MTN-in (indiki DTX-nin) rəhbəri Namiq Abbasovun da mənə köməyi dəydi. O, Ümummilli liderimizə mənimlə bağlı doğru məlumatlar çatdırmışdı. Mehdiyevin insanlara necə ləkə yaxdığını, böhtanlar uydurduğunu onu tanıyanlar yaxşı bilirdi. Mən də Namiq müəllimin köməyi sayəsində haqqımda deyilən yalanlardan qurtulmuşdum. Beləcə, ilk qələbəmi qazandım…
2005-ci il. Mətbuatın inkişafındakı xidmətlərimə görə mənə “Tərəqqi” medalı verilməsinə mane olmaq üçün Mehdiyev əlindən gələni etdi. Adımı siyahıdan çıxartdırdı. Tədbir Gülüstan sarayında keçirilirdi. Adımın siyahıda olmayacağını bildiyim üçün adlar oxunanda heç qulaq asmırdım. Birdən ətrafımdakıların mənə baxdığını, qolumdan tutduqlarını hiss etdim. Hamı mənə baxırdı. İnanmırdım… Prezidentimizə baxdım. Göz-gözə gəldik. Üzündəki təbəssümü heç vaxt unutmayacağam. Gözlərim dolmuşdu. Axı adım siyahıdan silinmişdi… Çox sonra öyrəndim ki, Prezidentimiz adımı həmin siyahıya şəxsən özü qeyd etdirib. Bu da növbəti qələbəm idi.
Elə həmin il 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. İnsanlarla birbaşa ünsiyyətə əsaslanan, səmimi təbliğat kampaniyasına başladım. Ağdamın kəndlərini qarış-qarış gəzdiyimi, hər evdə insanlarla görüşdüyümü o prosesdə iştirak edənlər yaxşı xatırlayırlar. Qadınları görüşlərə cəlb etmək, cəbhə bölgəsindəki kəndlərə gecə-gündüz getmək, insanların inamını qazanmaq asan deyildi. Amma bacardım. Və bir gün… O vaxt Ağdamın icra başçısı olan, Ramiz Mehdiyevin ən yaxın adamlarından sayılan Həsən Sarıyev məni yanına çağırdı. “Bu dairədən getməlisən. Ramiz Mehdiyev istəyir ki, Bəxtiyar Sadıqov seçilsin” dedi. Mən sakitcə cavab verdim: “Bu, demokratik seçkidir. Qoy seçici qərar versin. Mən də, Bəxtiyar da mübarizə aparaq. Kim layiqdirsə, o da qazansın”. Sarıyev məndən Aqil Abbasın dairəsinə keçməyimi istədi və Mehdiyevin məni oradan seçdirəcəyinə söz verdiyini bildirdi. Yenə “yox” dedim. Üstəlik, Aqil Abbasla namizədliyimizi irəli sürməzdən əvvəl görüşüb dairələrimizi razılaşdırmışdıq. Sarıyev gördü ki, fikrimdən dönən deyiləm. Beləcə, açıq mübarizə başladı. Qaradağlı, Sarıcalı və Əfətli kəndlərinə getməyimə mane olurdu. Son görüşümüzdə həmin kəndlərə niyə getdiyimi soruşdu. O kəndlərdə yaşayanların da mənim seçicilərim olduğunu xatırladanda belə cavab verdi: “O kəndlərin adamları prezident seçkilərində qutuları yandırıblar, müxalifətdirlər.”
Halbuki həmin kəndlərin sakinləri İlham Əliyevi dəstəkləyən, ona səs verən insanlar idi. Sarıyevdən narazı olan seçicilər öz dərdlərini, sirlərini mənə danışırdılar. Onların dediklərinə görə, prezident seçkiləri zamanı qutuların yandırılması da Sarıyev-Mehdiyev oyununun bir hissəsi olmuşdu. İctimai Televiziyada çıxışım zamanı həmin kəndlərin insanlarının Prezidentə sevgisini, inamını vurğuladım, mesajlarını efirdən ona çatdırdım. Bu çıxışdan sonra Ramiz Mehdiyevin mənə qarşı münasibəti daha da sərtləşdi. Haqqımda yalan məlumatlar və böhtanlar yayılmağa başladı. Hətta yazıq anamın erməni olması barədə şayiələr uydururdular. Görüşlərimə pul verilmiş, əvvəlcədən öyrədilmiş qadınlar göndərilir, ən çirkin iftiralar yayılırdı. Mehdiyevin üsulu belə idi…
İş o yerə çatmışdı ki, məni avtomobil qəzasına salmaq üçün plan qurulduğunu da öyrəndim. Xəbəri iki gün əvvəl almışdım. Komandamda Sarıyevin pulla ələ aldığı adamlardan biri vardı. Kim olduğunu bilsək də, onu komandadan uzaqlaşdırmırdım. Həmin gün gedəcəyim ünvan barədə ona yanlış məlumat verdim və başqa yolla getdim. Beləcə, qəzadan xilas oldum. Mehdiyev özündən çıxmışdı. Müşavirələrdə mənə qarşı açıq-aşkar kin püskürürdü. Həmin gizli müşavirələrin birində iştirak edən keçmiş polis rəisi mənə zəng edib “Gənc qadınsan, çəkil bu mübarizədən. Sən bu adamı tanımırsan. Həyatını puç etmə!” dedi. Amma seçkiyə günlər qalmışdı. Artıq geriyə yol yox idi…
Səsverməyə bir gün qalmış məni Apellyasiya Məhkəməsinə çağırdılar. Guya, şikayət vardı. Bakıya qayıtdım. Məhkəmənin qarşısında məni gözləyən onlarla seçicimi, zalda isə Sarıyevin əlaltılarını gördüm. Onlardan birinin adı Eldar idi. Üzümə baxıb dedi: “Dünən gecə saat 2-də mənə 15 manat verdin ki, sənə səs verim.” Dəhşətli an idi… Hakim çarəsiz görünürdü. Heç nə demədim, zalı sakitcə tərk etdim. Çünki qərarın əvvəlcədən verildiyi aydın idi. Məhkəmənin qarşısında məni gözləyən seçicilərim vardı. Hiss edirdim ki, Ramiz Mehdiyevin növbəti planı işə düşür: orada səs-küy yaratmaq, sonra da mənə “müxalifət” damğası vurmaq. Mehdiyevin mənim seçkidən narazı olduğum, beynəlxalq qurumlara müraciət etdiyim barədə məlumat yaymaq planını pozmalı idim. Tək çıxış yolum İTV-də danışmaq idi. Sağ olsun Ömərov! O vaxt Ramiz Mehdiyevin qılıncının dalı da, qabağı da kəsirdi. Hər televiziya rəhbəri belə cəsarət göstərə bilməzdi, amma o göstərdi. Müsahibə zamanı “Mən bu ölkədə rastlaşdığım problemi hansısa beynəlxalq quruma deyil, yalnız inandığım, səs verdiyim, sevdiyim Prezidentimə deyərəm” dedim və beləliklə, Mehdiyevin bu planı da baş tutmadı. Həmin seçkidən sonra dövlət tədbirlərinə, media ilə bağlı toplantılara bir daha dəvət olunmadım.
Təəssüf ki, o vəzifədən gedəndən sonra da onun vaxtında işə götürdüyü və bu gün də orada çalışan bir-iki nəfər Mehdiyevin tapşırıqlarından çıxa bilmir. Hələ də adımı media ilə bağlı keçirilən tədbirlərin siyahısına yazmırlar. Yəqin, Mehdiyevin yenidən zühur edəcəyinə inanırlar. İllərlə Mehdiyevin bir gün gedəcəyini, mənim də aydınlığa çıxacağımı gözlədim. Bir də baxdım ki, 25 yaşından arzularla yaşayan bəndəniz artıq 50-ni keçib… Heç bir vəzifəm, sərvətim, iddiam yox idi. Sadəcə, Vətənimi, dövlətimi, Prezidentimi sevən bir insan idim. Yaltaqlanmağı bacarmırdım. Mehdiyevin nifrətini qazanmağımın səbəbi də bu idi. Gec də olsa, Mehdiyev yaşatdığını yaşayır. Ən ağırı isə bütün bunları ömrünün bu çağında yaşamasıdır. Mal-mülk naminə neçə-neçə insanın arzularını, xəyallarını məhv etdi, insanları küsdürdü, həyatları dağıtdı. Düzdür, min bir xainliklə qazandığı milyonlar əlindən çıxdı. Ailəsinə qoyduğu miras isə Vətən xaini adıdır!
Ramiz Mehdiyevin həyatı hər kəs üçün dərs olmalıdır. Vətəninə, işlədiyi insana xəyanət edənlər, vəzifəsinə, puluna, imtiyazına güvənərək başqalarını əzənlər, ləkələyənlər, əməyini heçə sayanlar, günahsız insanların yolunu kəsənlər bilməlidirlər ki, bu dünyada hər kəs yaşatdığını bir gün yaşayır. Ramiz Mehdiyev kimi… Çalışın, haqqınızda yaxşı danışsınlar, haqqınızda yaxşı yazılar yazılsın. Çünki insanın arxasında qoyduğu ən böyük sərvət onun təmiz adıdır. Bu da hər kəsə nəsib olmur! Mehdiyev kimi!”





