Şimali Koreya lideri Kim Çen Inın təcili müalicə üçün Çinə aparıldığı barədə sosial şəbəkələrdə təsdiqlənməmiş məlumatlar yayılıb.
Oxu.Az xəbər verir ki, “The Sun” nəşrinin yazdığına görə, sosial şəbəkə istifadəçiləri Şimali Koreya lideri Kim Çen Inın beyinə qansızmasından sonra komaya düşdüyünü iddia edirlər.
İddialara əsasən, qansızmadan sonra təcili tibbi yardım göstərilməsi üçün Şimali Koreya lideri Çindəki xəstəxanaya aparılıb.
Onun Pxenyandakı tibbi imkanların zəif olması səbəbindən ölkədən çıxarıldığı bildirilir.
İnternetdə yayılan ehtimallara görə, Kim Çen In Pekindəki Pekin İttifaq Tibb Kollecinin xəstəxanasına aparılıb və orada təcili müalicə alıb.
O, sonuncu dəfə oktyabrın 11-də Pxenyanda yerləşdiyi açıqlanmayan müdafiə muzeyinə səfəri zamanı görüntülənib.
Şimali Koreya üzrə ekspert Benedikt Rocers bildirib ki, liderin ölümü ilə bağlı təsdiqlənməmiş iddialar fonunda rejimin onun sağ olduğunu göstərən sübutlar açıqlayacağını gözləyir. O, oxşar şayiələrin əvvəllər də yayıldığını qeyd edib.
Eyni zamanda, “The Economic Times” Kim Çen Inın öldüyü və hakimiyyətin bacısı Kim Yo Çjona məlumat yayıb. Məlumatlar hələlik təsdiqlənməyib.
İddiaları Çin Demokratiya Partiyasının sədri Vançjun Sye səsləndirib.
O, Kim Çen Inın beyin qanamasından öldüyünü, Çinin isə mümkün hakimiyyət böhranı fonunda Pxenyana təxminən 9 min hərbçi göndərdiyini irəli sürüb.
Kim Çen Inın ölümü, bacısının hakimiyyətə gəlməsi və Çin hərbçilərinin göndərilməsi barədə iddiaların heç biri müstəqil mənbələrlə təsdiqlənməyib. Şimali Koreya və Çin rəsmilərinin bunları təsdiqləyən açıqlaması yoxdur.



