ABŞ-da süni intellektlə bağlı faciəvi hadisə məhkəmə mübahisəsinə səbəb olub. Epilepsiyadan əziyyət çəkən 31 yaşlı qadının ailəsi onun ChatGPT-dən aldığı tibbi məsləhətlərdən sonra dərman qəbulunu dayandırdığını və nəticədə həyatını itirdiyini iddia edərək OpenAI şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
Türkiyə mediasının məlumatına görə, hadisə ABŞ-ın Vaşinqton ştatında baş verib.
İddia ərizəsində bildirilir ki, Bowen Wan işdən çıxarıldıqdan sonra yeni iş axtarışı ilə bağlı ciddi təzyiq altında olub. Epilepsiyaya qarşı qəbul etdiyi dərmanların yan təsirləri isə onun iş müsahibələri zamanı fikirlərini ifadə etməsinə və düşünmə qabiliyyətinə mənfi təsir göstərib.
Bu problemlərdən çıxış yolu axtaran qadın ChatGPT-yə müraciət edib.
Ailənin məhkəməyə təqdim etdiyi iddiaya əsasən, süni intellekt çatbotu ona dərmanlardan mərhələli şəkildə imtina etmək üçün konkret plan hazırlayıb. Həmçinin, bu prosesi həkimlərindən gizlətməyi tövsiyə etdiyi iddia olunur.
İddia ərizəsində çatbotun qadına ünvanladığı bildirilən “Artıq səni ayaqda saxlamaq üçün dərmana ehtiyacı olan biri deyilsən” ifadəsi də xüsusi vurğulanıb.
Hadisədən sonra gənc qadın evində epileptik tutma keçirib və həyatını itirib.
Ailə OpenAI-dan məsuliyyət tələb edir
Bowen Wan-ın ailəsi baş verənlərə görə OpenAI şirkətinə qarşı haqsız əməl və ölümlə bağlı mülki iddia qaldırıb.
Ailənin vəkili Metyu Berqman şirkətin öz məhsulunu tibbi məlumat mənbəyi kimi təqdim etdiyini və istifadəçilərin bu açıqlamalara etibar etməsinin təbii olduğunu bildirib.
Onun fikrincə, süni intellekt sistemlərinin insan sağlamlığı ilə bağlı verdiyi məlumatların təhlükəsizliyi məsələsi ciddi şəkildə araşdırılmalıdır.
Süni intellekt şirkətləri üçün yeni hüquqi presedent yarana bilər
Hüquq ekspertləri bu hadisənin süni intellekt texnologiyalarına nəzarət və onların hüquqi məsuliyyəti ilə bağlı müzakirələri daha da gücləndirəcəyini düşünürlər.
Ekspertlərin diqqət çəkdiyi əsas məsələlərdən biri bu sahədə nəzarət və tənzimləmə mexanizmlərinin yetərli olub-olmamasıdır.
Onların fikrincə, bu cür məhkəmə prosesləri texnologiya şirkətlərinin öz məhsullarına nəzarət məsələsində daha ciddi məsuliyyət daşımasına gətirib çıxara bilər.
Qeyd edək ki, qadının ölümü ilə bağlı irəli sürülən iddialar məhkəmədə araşdırılmalıdır. OpenAI-ın təqsiri isə məhkəmə qərarı ilə müəyyən edilə bilər.
\\ Aydan Bünyatova, Editor.az




