Şimali Koreya ABŞ-ın Pxenyanı böyükmiqyaslı kriptovalyuta oğurluğunda ittiham etməsindən sonra Yapon dənizinə doğru bir neçə raket buraxıb.
Cənubi Koreya Silahlı Qüvvələrinin məlumatına görə, raket buraxılışları ölkənin şərq sahilləri istiqamətində qeydə alınıb. Seul və Vaşinqton hadisənin təfərrüatlarını araşdırmağa başlayıblar.
Gərginliyin artmasına səbəb olan digər məsələ isə ABŞ Federal Təhqiqat Bürosunun Binance kriptovalyuta platformasına qarşı kiberhücumun Şimali Koreya ilə əlaqəli haker qrupu tərəfindən həyata keçirildiyinə dair iddiasıdır. Pxenyan bu ittihamları rədd edərək Vaşinqtonun mövqeyini düşmənçilik siyasətinin tərkib hissəsi kimi qiymətləndirib.
Ekspertlərin fikrincə, Kim Çen In administrasiyası raket sınaqları vasitəsilə ABŞ-a təzyiq göstərməyə və mümkün danışıqlarda öz mövqeyini gücləndirməyə çalışır.
Bu hadisələr Koreya yarımadasında təhlükəsizlik vəziyyətinin daha da mürəkkəbləşdiyini göstərir.
//Samir Qurbanov, Editor.az

