Dünya · Bizim.Media

Fransanın bəzi şəhərlərində komendant saatı tətbiq olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransanın bəzi şəhərlərində komendant saatı tətbiq olundu xəbəri üçün şəkil

Fransada keçirilən etiraz aksiyaları zamanı baş verən zorakılıqlardan sonra bir sıra siyasətçilər ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqinə çağırıblar.

Bizim.Media xəbər verir ki, Fransanın Baş naziri Sebastyən Lökornü ictimai asayişin bərpası üçün qətiyyətlə hərəkət edəcəyini bildirib.

O, yeni talanların qarşısını almaq məqsədilə bəzi şəhər mərkəzlərində komendant saatının tətbiq olunduğunu açıqlayıb. Həmçinin zərurət yaranacağı təqdirdə, fövqəladə vəziyyətin elan olunması ehtimalını istisna etməyib.

 

Bir çox siyasətçilər də fövqəladə vəziyyət rejiminin nəzərdən keçirilməsini istəyiblər. Onların çağırışları oktyabrın 17-də baş verən iğtişaşlar zamanı mağazaların talan edilməsi, bələdiyyə binasının yandırılması və xəsarət alanların olması ilə əlaqədardır.


Fransada 1955-ci ildə qəbul edilən qanuna əsasən, ictimai asayişə ciddi təhlükə yarandıqda və ya xarakterinə və miqyasına görə böyük fəlakət hesab olunan hadisələr baş verdikdə, Nazirlər Şurasının qərarı ilə fövqəladə vəziyyət elan edilə bilər. Bu rejim komendant saatının və toplantıların keçirilməsinin qadağan olunması ilə bağlı tədbirlərin tətbiqini asanlaşdırır, məhkəmə qərarı olmadan inzibati axtarışlara və daha çevik ev dustaqlığı tədbirlərinə imkan yaradır.

İctimai hüquq üzrə vəkil Antuan Fure hesab edir ki, oktyabrın 17-də baş verən hadisələr belə bir rejimin tətbiqinə əsas verə bilər. O, 2005-ci ildə Fransada baş vermiş iğtişaşları buna nümunə göstərib.

Qrenobl-Alp Universitetinin professoru Serj Slama isə fövqəladə vəziyyət çərçivəsində nəzərdə tutulan tədbirlərin əksəriyyətinin artıq adi qanunvericilikdə mövcud olduğunu xatırladıb. Onun sözlərinə görə, prefekturalar fövqəladə vəziyyət elan edilmədən də hərəkət məhdudiyyətləri tətbiq edə və nümayişləri qadağan edə bilərlər.

O, həmçinin fövqəladə vəziyyətin psixoloji təsirinə diqqət çəkərək, onun cəmiyyətə ciddi böhran yaşandığı barədə mesaj verdiyini bildirib.

Qeyd edək ki, Fransa hökuməti hələlik gözləmə mövqeyi tutur və mövcud qanunvericilik çərçivəsində tədbirlərə üstünlük verir. Ölkənin Baş naziri Lökornü vurğulayıb ki, fövqəladə vəziyyət siyasi vasitə deyil, tətbiqi ciddi nəticələr doğuran hüquqi mexanizmdir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑