Cəmiyyət · Bizim.Media

Abşeron Gənclər Şəhərciyində sakinlər niyə susuz qalıb? – Məhkəmə QALMAQALI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Abşeron Gənclər Şəhərciyində sakinlər niyə susuz qalıb? – Məhkəmə QALMAQALI xəbəri üçün şəkil

Abşeron Gənclər Şəhərciyinin sakinləri uzun illərdir ki, su təchizatında yaranan problemlərdən əziyyət çəkirlər. Şəhərcikdə suyun fasilələrlə verilməsi sakinlərin gündəlik həyatına ciddi çətinliklər yaradır.

Bununla bağlı sözügedən ünvanda yaşayan sakinlər Bizim.Media-ya şikayət ünvanlayıblar.

Şikayətdə bildirilir ki, şəhərcik yaşamaq üçün istifadəyə veriləndən bəri binaya su səhər saat 7-10 və axşam 7-10 aralığında verilir. Gün ərzində binaya su verilmir.

Bu vəziyyətdən şikayətçi olan sakinlər su təchizatının gündəlik, adi qaydada verilməsini tələb edirlər.

Sakinlərin sözlərinə görə, suyun məhdud saatlarda və fasilələrlə verilməsi gündəlik məişət ehtiyaclarının normal şəkildə qarşılanmasına ciddi çətinliklər yaradır. Xüsusilə uşaqlı ailələr, yaşlı şəxslər və gün ərzində evdə olan sakinlər üçün suyun olmaması ciddi narahatlıq və əlavə problemlər yaradır. Sakinlər su ehtiyatı toplamaq məcburiyyətində qalır, lakin bu da onların gündəlik tələbatını tam şəkildə təmin etmir.

Şikayətçi sakinlər hesab edirlər ki, yaşayış binasında su təchizatı fasiləsiz və ya ən azı gündəlik tələbatı normal şəkildə təmin edəcək rejimdə həyata keçirilməlidir.

Yaşayış kompleksinin su problemi niyə həllini tapmır?

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) sorğumuza cavab olaraq bildirilib ki, Abşeron Gənclər Şəhərciyi MTK-dır.

MTK-larda su təchizatı üzrə nəzarət suyun binanın daxili anbarına qədər olan hissəsini əhatə edir:

"Belə ki, içməli su Regional Su Meliorasiya Xidməti tərəfindən binanın daxili anbarına qədər yönləndirilir. Bundan sonra suyun anbardan abonentlərə paylanması, nasos stansiyalarının fəaliyyəti və digər daxili su təchizatı məsələləri MTK-nın məsuliyyətindədir", - məlumatda vurğulanıb.

Abşeron Gənclər Şəhərciyinin Mənzil İstismar İdarəsinin müdiri Elman Məmmədov isə saytımıza açıqlamasında məsələnin ADSEA-nın problemi olduğunu bildirib.

O qeyd edib ki, ADSEA ərazi üzrə işçi heyati ayırmalıdır:

"Bu problemi ADSEA həll etməlidir. Anbarın suyu özbaşına binaya qalxmır ki... Burada nasoslar var. Həmin nasoslar işləyəndə ay ərzində yüksək məbləğdə işıqpulu yaranır. Biz hər ay o məbləği özümüz ödəyirik. Bu pulu biz ödəməli deyilik. Hazırda bu problemlə bağlı məhkəməyə müraciət etmişik. Nəticəsini gözləyirik", - məlumatda qeyd edilib.

Fəridə, Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑