“Rusiya zərurət yaranacağı təqdirdə İranla ABŞ arasında münaqişənin diplomatik yolla həllinə kömək göstərməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın Dövlət Televiziya və Radio Şirkətinə (IRIB) müsahibəsində bildirib.
Onun sözlərinə görə, Moskva faydalı olacağı təqdirdə istənilən vasitəçilik xidmətini göstərməyə açıqdır.
Medvedev qeyd edib ki, Rusiya may ayında Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması ilə bağlı İrana təkliflər göndərib. O vurğulayıb ki, Rusiya tərəfi regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində səylərini davam etdirir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Moskva ilə Tehran arasında iqtisadi əlaqələrin inkişafının da mühüm istiqamət olaraq qaldığını bildirib.
Onun sözlərinə görə, beynəlxalq arenada “iqtisadi silah” bəzən ənənəvi silahlardan heç də az əhəmiyyət daşımır.
“Biz nə qədər yaxşı əməkdaşlıq etsək, o cümlədən “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi böyük geosiyasi və geostrateji layihələr də daxil olmaqla, iqtisadi əlaqələrimiz nə qədər fəal və güclü olsa, bir o qədər bizimlə hesablaşacaqlar”, - deyə Medvedev bildirib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İranda bir sıra obyektlərə zərbələr endirməyə başlayıb. Bundan sonra Tehran da cavab hücumları həyata keçirib.
İyunun ortalarında İran və ABŞ döyüş əməliyyatlarının dayandırılması ilə bağlı memorandum imzalasa da, daha sonra tərəflər yenidən qarşılıqlı zərbələr endirib.
Hazırda İranla ABŞ arasındakı münaqişə həll olunmamış olaraq qalır.
Bizim.Media

