"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir".
"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.
Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulayan dövlət başçısı qeyd edib: "Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir".
Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb.
"Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur", - dövlət başçısı əlavə edib.
*
Prezident həmçinin deyib ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib.
Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm hal aldığını qeyd edib.
"İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir", - Prezident əlavə edib.
*
İlham Əliyev vurğulayıb ki, energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur.
"Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstan nefti ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Biz Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik", - dövlət başçısı qeyd edib.
