İqtisadiyyat · Banker.az

Nağd valyuta bazarında təklif tələbdən 3 dəfə çoxdur – Taleh Kazımov

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nağd valyuta bazarında təklif tələbdən 3 dəfə çoxdur – Taleh Kazımov xəbəri üçün şəkil

Valyuta bazarında təklifin tələbi üstələməsini birbaşa iqtisadi artımın zəifləməsi ilə əlaqələndirmək düzgün deyil.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Mərkəzi Bankın sədri deputatların valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsinin iqtisadi aktivliklə əlaqəli olub-olmaması barədə sualını cavablandırıb.

O bildirib ki, Mərkəzi Bank bu məsələni müxtəlif istiqamətlər üzrə təhlil edir və valyuta bazarındakı vəziyyətin iqtisadi artımın zəifləməsi ilə izah olunması fikri ilə razı deyil.

Taleh Kazımovun sözlərinə görə, ticarət balansının təhlili zamanı qızılın həm idxal, həm də ixrac göstəricilərindən çıxarılması iqtisadi aktivliyin daha real mənzərəsini ortaya qoyur.

“İlk növbədə, ticarət balansımızdan qızılı həm idxal, həm də ixrac hissəsində çıxarsaq, artım göstəricilərini görürük. Qeyri-neft ixracına baxdıqda, 9 ayın nəticələrinə əsasən, 3,4-3,5 faiz artım qeydə alınıb. İxrac göstəricilərində qızılı nəzərə almasaq, qeyri-neft ixracı 20 faiz, ümumi ixrac isə 9,6 faiz artıb”, – deyə o qeyd edib.

Mərkəzi Bankın sədri bildirib ki, nağd valyuta bazarında təklif tələbi 3 dəfə üstələyir. Bu əməliyyatlarda əsas pay fiziki şəxslərə məxsusdur.

Onun sözlərinə görə, nağdsız valyuta əməliyyatlarının təhlili də fərqli mənzərə ortaya qoyur. Belə ki, bank hesabları üzrə müştərilərin xarici valyutaya tələbi ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 3 faiz azalıb. Bunun əksinə olaraq, müştərilərin valyuta satışı 44 faiz artıb.

“Yəni biznes subyektləri və vətəndaşlar daha çox valyuta satırlar, nəinki alırlar. Ona görə də bu vəziyyəti birbaşa iqtisadi artımla əlaqələndirmək istəməzdim”, – deyə Taleh Kazımov vurğulayıb.

Mərkəzi Bankın sədri xarici valyutada kredit portfelinin artımına da münasibət bildirib.

O xatırladıb ki, Mərkəzi Bankın prudensial tələblərinə əsasən, xarici valyutada kreditlər yalnız valyuta risklərindən sığortalanmış (hedc edilmiş) borcalanlara, eləcə də ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara və biznes subyektlərinə verilə bilər.

Taleh Kazımov qeyd edib ki, 2026-cı ilin ötən dövründə xarici valyutada kredit portfelinin artması müşahidə olunub və Mərkəzi Bank bunu normal qiymətləndirir.

“Bu artımın əsas hissəsi ixracla məşğul olan sahibkarlar hesabına baş verib”, – deyə Mərkəzi Bankın sədri əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑