Heyvanların erkən kəsiminin qarşısını almaq və yüksək çəkidə kəsimi təşviq etmək məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) qeydiyyatdan keçən ixtisaslaşmış intensiv heyvandarlıq təsərrüfatlarında doğulmuş və ya azı 6 ay bu təsərrüfatlarda kökəldilmiş diri çəkisi 600 kiloqram və ya daha çox çəkidə kəsilən iribuynuzlu heyvanlardan əldə edilən mal ətinin tədarükçülərə təhvil verilmiş hər kiloqramına görə 0,4 manat (40 qəpik) məhsul subsidiyası ödənilir. Məsələn, 600 kiloqram mal ətinə görə 240 manat subsidiya verilir.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) bildirilib.
Qeyd olunub ki, dəri və yun xammalının yerli emal müəssisələrinə təhvil verilməsini stimullaşdırmaq məqsədilə aşağıdakı məhsul subsidiyaları müəyyən edilib:
– İribuynuzlu heyvan dərisi hər ədədinə görə 3 manat;
– Xırdabuynuzlu heyvan dərisinin hər ədədinə görə 0,30 manat (30 qəpik);
– Yunun hər kiloqramına görə 0,3 manat (30 qəpik).
Fermerlər, heyvandarlıq sahəsində yuxarıda qeyd edilən məhsul subsidiyalarından yararlanmaq üçün EKTİS-də (www.eagro.az) qeydiyyatdan keçməli, istehsal etdikləri mal əti, heyvanın dərisi və yunun tədarükçüyə və ya emal müəssisələrinə təhvil verilməsi barədə sənədləri (elektron qaimə-fakturaları və ya elektron alış aktlarını), tədarükçülər isə təhvil aldıqları heyvandarlıq məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməklə məhsul subsidiyasına müraciət etməlidirlər.
EKTİS-ə daxil edilmiş sənədlər və məlumatlar, digər mənbələrdən əldə olunmuş məlumatlarla üzləşdirildikdən sonra uyğun statusunda olan müraciətlər üzrə subsidiya ödənişləri AKİA tərəfindən həyata keçirilir.
Təhvil məntəqələri və şərtlərə gəldikdə, qeyd olunub ki, dəri və yunun qəbulu birbaşa lisenziyalı, rəsmi fəaliyyət göstərən yerli emal müəssisələrində (dəri-emalı və yun təmizlənməsi, toxuculuq müəssisələri) və ya onların regionlarda yaratdıqları xüsusi qəbul-tədarük məntəqələrində həyata keçirilir.
Xammalın emala yararlı olması, yararsız və ya zədələnmiş vəziyyətdə olmaması, eləcə də müəssisələrin tələb etdiyi ilkin saxlama və gigiyena standartlarına (məsələn, yunun müəyyən qədər təmiz və quru olması, dərilərin düzgün soyulması və s.) cavab verməsi tələb olunur.
Qeyd edək ki, Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni dövlət dəstəyi mexanizmlərinə əsasən, intensiv kökəltmə təsərrüfatlarının inkişafı və heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kiloqram diri çəki üzrə 0,40 manat məhsul subsidiyası veriləcək.
Subsidiyanın tətbiqi üçün EKTİS-də bəyan, heyvanın ölkədə doğulması və ya ən azı 6 ay ölkə daxilində kökəldilməsi, identifikasiyası və sığortası, eləcə də qeydiyyatda olan kəsimxanada kəsilməsi tələb olunur.
Dəri və yun xammalının emala cəlb edilməsinin təşviqi məqsədilə emal müəssisələrinə təhvil verilmiş 1 iribuynuzlu heyvan dərisinə 3 manat, 1 xırdabuynuzlu heyvan dərisinə 0,30 manat, 1 kiloqram yuna isə 0,30 manat məhsul subsidiyası tətbiq ediləcək.


