Sülh danışıqlarında əsas düyün: 700 minlik ordu, NATO zəmanəti və Donbas tələbi

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ və Ukrayna Norveçdə Kiyev üçün təhlükəsizlik zəmanətləri də daxil olmaqla, müharibəyə son qoymaq üçün bir sıra təkliflər üzrə razılığa gəliblər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Norveçə səfəri çərçivəsində burada Zelenski ilə görüşüb. Həmin görüşdən sonra isə Uitkoff Rusiya Prezidenti Vladimir Putini sözügedən təkliflər paketilə tanış etmək üçün bu ölkəyə gəlib.
Politoloq Natiq Miri “Bakupost”a bildirib ki, Osloda razılaşdırılan təkliflər paketində Ukrayna üçün təhlükəsizlik zəmanətinə 3 istiqamət daxildir:
“Birincisi, Ukraynanın güclü orduya malik olması məsələsidir. Ukrayna müharibədən sonra müasir silahlarla silahlanmış azı 700 minlik orduya malik olmağı istəyir. Rusiya isə bu rəqəmin 2,5 dəfə azaldılmasını tələb edir. İkincisi, Kiyev NATO səviyyəsində təhlükəsizlik zəmanəti istəyir ki, Moskvanın bunu da qəbul edəcəyi inandırıcı görünmür. Müharibədən sonra, Ukraynada yerləşdiriləcək, NATO və Avropa qüvvələri məsələsi də var ki, Moskva bunu da inkar edir”.
Müsahibimiz qeyd edir ki, əsas düyün nöqtəsi ərazi məsələsidir:
“Moskva Donbasın taamamilə ona verilməsini tələb etməkdə davam edir. Ukraynanın tələbi isə təmas xətti çərçivəsində atəşkəsin təmin edilməsidir.
Ukrayna sadəcə müharibənin bitməsilə məhdudlaşacaq saziş istəmir. Təhlükəsizlik, dağıdılmış şəhər, iqtisadiyyat və infrastrukturun bərpası və inkişafını da istəyir ki, ABŞ və Aİ bununla bağlı üzərinə öhdəlik götürməli və təminat verməlidir. Burada reparasiya məsələsi də var. Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivləri də Ukraynanın bərpasına verilməlidir. Kiyev həmçinin, NATO-dan imtina qarşılığında qurumun 5-ci maddəsi səviyyəsində zəmanət və təminatın verilməsində maraqlıdır”.
Bu kimi ciddi fikir ayrılığı fonunda ekspert hesab edir ki, mövqeləri yaxınlaşdırmaq o qədər də asan deyil:
“Lavrov açıq şəkildə bəyan edib ki, təklif olunan sülh sənədinin mahiyyətindən asılı olmayaraq, Rusiya heç bir siyasi güzəştə getməyəcək. Bu da o deməkdir ki, Trampın Rusiyaya güzəştləri və geri çəkilməsi fonunda Moskva özünü daha güclü saymağa başlayıb. Onun iştahı daha da qabarıb. Ona görə Uitkoffun Rusiyaya növbəti səfərindən də nəticə hasil olacağını gözləmirəm. Zamanında Stalinlə Hitlerin birgə oynadığı oyun bu gün Tramp Putin səviyyəsində eynən yanlış yöndə davam edir. Növbəti təkliflər paketi Rusiyaya əlavə zaman və maliyyə qazandırmaqdan başqa heç bir işə yaramır”.
Rüfət Sultan,BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.


