Məşhur türkiyəli aktrisa Hande Erçelin yeni beynəlxalq layihəsi bəlli olub.
“Bakupost” xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada lentə alacağı “Diaspora” adlı filmdə baş rolu canlandıracaq.
Filmin çəkilişlərinə 2027-ci ilin ilk aylarında başlanılması planlaşdırılır.
Hadisələrin Berlində cərəyan edəcəyi ekran əsərində Hande Erçel Türkiyədə həyat yoldaşını itirdikdən sonra 12 yaşlı oğlu ilə Almaniyaya köçən “Merve” obrazına həyat verəcək. Yeni həyat qurmağa çalışan “Merve” alman ailəsinin idarə etdiyi dil məktəbində işə düzəlir. Lakin ailənin oğlunun uyğunsuz davranışlarını ifşa etdikdən sonra gənc qadın özünü gözlənilməz bir mübarizənin mərkəzində tapır.
Alman, ingilis və türk dillərində çəkiləcək layihədə Hande Erçelin tərəf müqabili tanınmış alman aktyoru Moritz Bleibtreu olacaq. Bleibtreu filmdə “Merve”nin çalışdığı ailənin başçısı rolunu oynayacaq. Filmin prodüserləri isə Said Nur Akkuş və Emre Oskay olacaq.
Hande Erçelin dil dərsləri almaq, obraz üzərində işləmək və məşqlərdə iştirak etmək üçün çəkilişlərdən təxminən bir ay əvvəl Berlinə gedəcəyi gözlənilir.






