Ermənistanda seçki paradoksu: Paşinyan öz partiyasının böyük qələbəsindən niyə narahatdır?

Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları ziddiyyətli məqamlarla yadda qalıb. O, oktyabrın 25-də keçirilən seçkilərin nəticələrini təhlil edərək, hakim “Vətəndaş müqaviləsi” partiyasının bir sıra icmalarda 70, 80, hətta 90 faizdən çox səs toplamasından narazılığını ifadə edib.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, Paşinyan növbəti bir neçə il ərzində Ermənistanın hakim partiyasının seçici fəallığını azaltmaq üçün çalışacaq.
Hakim partiya seçkilərdə böyük üstünlük əldə edir, Paşinyan isə nədənsə bu üstünlüyün siyasi nəticələrindən narahat olduğunu bildirir.
Siyasi şərhçi Abutalıb Səmədov “Bakupost”a bildirib ki, Paşinyanın hakim partiyadan olan bəzi namizədlərin 80-90 faiz səs toplamasından keçirdiyi narahatlıq ölkənin avtoritarizmə yuvarlanacağından ehtiyatlanmasından irəli gəlir:
“Ermənistan baş naziri yerli seçkilərin nəticələrini şərh edərkən, maraqlı fikirlər səsləndirib. O, hakim partiyadan olan bəzi namizədlərin hətta 90 faiz səs almasından narahatlığını ifadə edib. Çünki bu bir tərəfdən, ölkədə avtoritarizmin mövcudluğunun işarəsi ola bilər. Paşinyan da məhz bundan narahatlığını ifadə edib. Adətən, normal siyasi mübarizənin aparıldığı seçkilərdə belə rəqəmlər olmur, heç bir namizəd 80-90 faiz səs almır. Bu bütün dünyada normal hal kimi qəbul olunur”.
Müsahibimizin fikrincə, belə mənzərənin mövcudluğu Ermənistanda müxalifətin olmadığının göstəricisidir:
“Bu da Ermənistanın zərərinə olan bir haldır. Baxmayaraq ki, Paşinyan xarici qüvvələrə xidmət edən müxalifətin sıradan çıxarılması zərurətindən danışıb və bunun üçün çalışır. Ancaq digər narahat edən məqam ondan ibarətdir ki, seçkidə hakim partiya nümayəndəsi 90 faiz səs alırsa, deməli müxalifət yoxdur. Müxalifətin olmadığı ölkədə isə inkişafdan danışmaq qeyri-mümkündür.
Əslində, Paşinyan seçkilərin nəticəsindən sevinməlidir, böyük üstünlüklə qalib gəlib. Ancaq dövlətin gələcəyini düşünərkən, bu cür narahatlıq ifadə etmək ölkə rəhbəri üçün müsbət keyfiyyətdir və Paşinyan da bunu qeyd etməyi zəruri sayır. Ölkədə normal müxalifət olmalı və müxtəlif düşüncəli insanlar arasında demokratik rəqabət aparılmalıdır”.
Rüfət Sultan,BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

