ABŞ-ın sabiq prezidenti Barak Obamanın Ohayo ştatında Donald Trampı kəskin tənqid etməsi Amerika siyasətində respublikaçılarla demokratlar arasında qarşıdurmanın yenidən sərtləşdiyini göstərir. Obama Tramp administrasiyasının fəaliyyətini xaos, korrupsiya, səriştəsizlik və qəddarlıq kimi ağır ittihamlarla xarakterizə edərək ölkənin idarə olunmasına, siyasi məsuliyyətə və hakimiyyətin cəmiyyət qarşısındakı öhdəliklərinə dair ciddi suallar qaldırıb. Bu ifadələr sadəcə siyasi rəqibə yönəlmiş ritorik hücum deyil, həm də Trampın idarəçilik üslubuna və həyata keçirdiyi siyasətə qarşı demokratik düşərgənin narazılığının göstəricisi kimi qiymətləndirilə bilər.
Obama, xüsusilə Trampın İranla bağlı siyasətini, artan yaşayış xərclərini və varlı təbəqənin maraqlarına xidmət etdiyi iddia olunan qərarlarını tənqid edib. Onun fikrincə, prezidentin verdiyi vədlərlə həyata keçirdiyi siyasət arasında ciddi ziddiyyət var. Obama İranla müharibəni lazımsız addım adlandıraraq bunun iqtisadi nəticələrinə də diqqət çəkib. O, Trampın Ağ Evdəki bahalı yenidənqurma işlərinə üstünlük verməsini də istehza ilə qarşılayıb və prezidentin adi amerikalıların gündəlik problemlərinə kifayət qədər diqqət ayırmadığını bildirib.
Bu çıxış ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkiləri ərəfəsində baş verib. Obama Ohayoda demokrat namizədlərə dəstək verərək seçiciləri respublikaçıların hakimiyyətinə qarşı mövqe nümayiş etdirməyə çağırıb. Onun səsləndirdiyi dörd ittiham - xaos, qəddarlıq, korrupsiya və səriştəsizlik - demokratların seçki kampaniyasının əsas mesajlarından birinə çevrilib. Beləliklə, Obamanın çıxışı təkcə Trampın fəaliyyətinə yönəlmiş sərt tənqid deyil, həm də qarşıdan gələn seçkilərdə seçicilərin qərarına təsir göstərmək cəhdi kimi diqqət çəkir.
Barak Obamanın Donald Trampı xaos, korrupsiya, səriştəsizlik və qəddarlıqda ittiham etməsi ABŞ-da siyasi mübarizənin hansı mərhələyə çatdığını göstərir? Bu sərt tənqidlər Trampın ictimai nüfuzuna və qarşıdan gələn aralıq seçkilərdə Respublikaçılar Partiyasının mövqelərinə necə təsir göstərə bilər?
İlqar Vəlizadə: "Obamanın bəyanatlarının Trampın nüfuzuna ciddi təsir göstərəcəyini düşünmürəm"
“ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Demokrat Partiyasındakı nüfuzu və siyasi bəyanatları seçkiqabağı proseslərə müəyyən təsir göstərə bilər. Bununla belə, onun açıqlamalarının Donald Trampın siyasi mövqelərinə ciddi təsir edəcəyini düşünmək üçün əsas yoxdur. Çünki Trampın da demokratları korrupsiya məsələləri ilə bağlı tənqid etmək üçün istifadə etdiyi arqumentlər mövcuddur”.
Bu fikri vurğulayan politoloq İlqar Vəlizadə məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Obama keçmiş prezident olsa da, Demokratlar Partiyasında kifayət qədər nüfuza malikdir. Onun fikirləri, bu bəyanat xüsusilə keçmiş prezidentə rəğbət bəsləyən seçicilərə təsir göstərə bilər. Bu baxımdan Obamanın siyasi proseslərə münasibəti və verdiyi bəyanatlar seçkiqabağı mühitdə müəyyən dəyişikliklərə səbəb ola bilər.
Politoloqun sözlərinə görə, Obamanın açıqlamalarının təsir dairəsini qiymətləndirərkən onun demokrat seçicilər arasında nüfuzunu nəzərə almaq lazımdır. Bununla belə, həmin təsirin miqyasını şişirtmək də düzgün olmazdı. Obama müəyyən seçici qruplarının fəallaşmasına və Demokratlar Partiyasının elektoratında siyasi dinamikanın dəyişməsinə töhfə verə bilər, lakin bu, avtomatik olaraq Trampın mövqelərinin zəifləməsi demək deyil.
İlqar Vəlizadə qeyd edib ki, Trampın da demokratları korrupsiya məsələləri üzərindən tənqid etmək üçün istifadə etdiyi arqumentlər var. Xüsusilə Co Baydenin prezidentliyi dövründə onun ailə üzvləri ilə bağlı səsləndirilən ittihamlar ABŞ siyasi müzakirələrinin mövzularından birinə çevrilmişdi. Baydenin oğlu Hanter Bayden müxtəlif hüquqi proseslərin iştirakçısı olub, daha sonra isə prezident Co Bayden oğlunu federal cinayətlər üzrə əfv edib. Bu hadisələr respublikaçıların demokratlara qarşı siyasi tənqidlərində də yer alıb.
Politoloqun yanaşmasına görə, ABŞ-da siyasi mübarizənin nəticələrini yalnız ayrı-ayrı şəxslərin bəyanatları ilə izah etmək mümkün deyil. Seçicilərin iqtisadi vəziyyətlə bağlı gözləntiləri, hakimiyyətin fəaliyyətinə münasibəti, namizədlərin irəli sürdüyü vədlər və siyasi qüvvələrin cəmiyyətdəki dəstəyi də mühüm rol oynayır. Buna görə də Obamanın açıqlamaları demokratların tərəfdarlarını səfərbər etmək baxımından əhəmiyyət daşısa da, Trampın nüfuzuna ciddi zərbə vuracağı qənaətinə gəlmək tezdir.
İlqar Vəlizadə hesab edir ki, Obamanın siyasi çəkisi Demokrat Partiyası üçün müəyyən üstünlük yarada bilər, ancaq Trampın mövqelərinə təsirin real miqyası digər siyasi və sosial amillərdən də asılıdır. Bu səbəbdən keçmiş prezidentin bəyanatlarını ABŞ-dakı siyasi rəqabətin həlledici amili kimi qiymətləndirmək doğru olmazdı.
Dəniz NƏSİRLİ






