Kənd Təsərrüfatı Nazirliyi fermerlərin təhvil verdikləri pambığın dəyərinin ödənilməməsi və ya ödənişlərin gecikdirilməsi ilə bağlı şikayətlərinə münasibət bildirib.
Nazirliyin məlumatına görə, şikayətlərdə adı çəkilən tədarükçü şirkətlərə pambıq təhvil vermiş fermerlərin məhsul subsidiyaları vaxtında ödənilib. Fermerlərin narazılığı isə pambığın dəyərinin müvafiq şirkətlər tərəfindən ödənilməməsi və ya gecikdirilməsi ilə bağlıdır.
Bildirilib ki, Azərbaycanda pambıq istehsalçıları ilə emal və tədarük şirkətləri arasında münasibətlər, bir qayda olaraq, “Müqaviləli əkinçilik” modeli əsasında tənzimlənir. Tərəflərin hüquq və öhdəlikləri imzalanmış müqavilələrlə müəyyən olunur.
Müqavilə şərtlərinə əsasən, mövsüm ərzində fermerlərə verilmiş avanslar, mineral gübrə, pestisid, toxum və texniki xidmətlərin dəyəri təhvil verilmiş pambığın ümumi dəyərindən çıxılır. Qalan məbləğin fermerə ödənilməsi məhsulu tədarük edən şirkətin öhdəliyidir.
Nazirlik qeyd edib ki, fermerlərə təhvil verdikləri pambığa görə ödənilən məhsul subsidiyası əvəzsiz və geri qaytarılmayan dövlət dəstəyidir.
Məlumatda vurğulanıb ki, pambıq tədarükü və emalı şirkətləri özəl hüquqi şəxslərdir və Nazirliyin tabeliyində fəaliyyət göstərmirlər. Nazirlik və Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərlə bu şirkətlər arasında bağlanmış müqavilələr üzrə tərəf deyil və müqavilə münasibətlərinə birbaşa müdaxilə etmək səlahiyyətinə malik deyil.
Müqavilə şərtləri pozulduqda fermerlər hüquqlarının müdafiəsi və yaranmış mübahisələrin həlli üçün məhkəməyə müraciət edə bilərlər.
Nazirlik, həmçinin problemin həlli məqsədilə pambıq tədarükü və emalı şirkətləri ilə mütəmadi müzakirələrin aparıldığını bildirib. Şirkətlərə fermerlər qarşısında müqavilə öhdəliklərinə ciddi riayət etmək, təhvil aldıqları məhsulun dəyərini vaxtında və tam ödəmək tövsiyə olunur.
Qeyd edək ki, bir müddət əvvəl mediada Salyan rayonunda bir qrup fermerin “Aztəsərrüfat” MMC-yə təhvil verdikləri pambığın pulunu uzun müddətdir ala bilmədikləri barədə xəbər yayılıb. Fermerlər ödənişlərin gecikməsi səbəbindən kredit borclarını ödəməkdə və yeni əkin mövsümünə hazırlaşmaqda çətinlik çəkdiklərini bildiriblər. Şirkət isə bəzi ödənişlərdə gecikmələrin yarandığını təsdiqləyərək borcların ödənilməsi istiqamətində iş aparıldığını açıqlayıb.
ZÜMRÜD



