Qarabağ münaqişəsinin bitməsindən sonra Avropa Parlamenti Azərbaycan əleyhinə 18 qətnamə qəbul edib. Bunu Brüsseldə keçirilən forumda Azərbaycanın Avropa İttifaqındakı daimi nümayəndəsi və Belçikadakı səfiri Məmməd Əhmədzadə bildirib.
Əhmədzadə vurğulayıb ki, Azərbaycan torpaqları otuz il ərzində Ermənistanın nəzarəti altında olsa da, Avropa Parlamenti İrəvanla bağlı heç bir sənəd qəbul etməyib. Lakin Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra da Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Əhmədzadə Avropa qurumlarının bu cür qərarlarını bir növ "cəza" adlandırıb. Azərbaycanın Aİ-dəki Daimi Nümayəndəsi həmçinin Bakının Avropa Parlamenti ilə dialoqu, tərəfdaşlığı və əməkdaşlığı dayandırmaq qərarına münasibət bildirib. Əhmədzadənin sözlərinə görə, bu qərar Milli Məclis tərəfindən qəbul edilib və ölkənin qanunvericilik qolunun müstəsna səlahiyyətlərinə aiddir. Xatırladaq ki, 2026-cı ilin may ayında Milli Məclis Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırdı. Rəsmi Bakı buna səbəb kimi Avropa qurumunun anti-Azərbaycan fəaliyyətini göstərdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağ üzərində tam nəzarəti bərpa etdikdən sonra Bakı ilə Avropa qurumları arasında münasibətlər pisləşdi. 2024-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası (AŞPA) insan hüquqları öhdəliklərinə əməl etmədiyini əsas gətirərək Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməkdən imtina etdi. Buna cavab olaraq, Bakı AŞPA ilə əməkdaşlığı dayandırdı və 2024-cü ilin avqustunda Azərbaycan nümayəndə heyətinin əleyhinə səs verən parlament üzvlərinin ölkəyə girişini qadağan etdi.
Azərbaycan prezidenti İlham Əliyev əvvəllər Avropa Parlamentini və Avropa Şurasını tənqid edərək , bu qurumları beynəlxalq münasibətlərdə anaxronizm və atavizm nümunələri adlandırıb. Bundan əvvəl dövlət başçısı Avropa Parlamentini rüşvətxorların yuvası adlandırıb və onu ikili standartlarda və islamofobiyada günahlandırıb. Azərbaycan liderinin sözlərinə görə, Avropa Parlamenti Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi bütün dövrlərdə İrəvanı dəstəkləyib və ona qarşı bir dənə də olsun sanksiya tətbiq etməyib.
Samirə SƏFƏROVA


.jpg)


.jpg)