Əli Orucov: “Paşinyanın bunda məqsədi Rusiyaya bağlı müxalifəti sıradan çıxarmaqdır”
Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistanda casusluqla məşğul olan və xaricdən idarə edilən müxalifətin kökünü kəsmək lazımdır:
“Üçbaşlı müharibə partiyası" ("Ermənistan" bloku, "Güclü Ermənistan" və "Çiçəklənən Ermənistan" partiyaları) məhv edilib, bunu yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri də sübut edir. Ermənistanda yeni, dövlətyönümlü müxalifət formalaşmalıdır, lakin onu hökumət formalaşdırmamalıdır”.
O həmçinin qeyd edib ki, yeni müxalifətin formalaşması ətrafında ictimai müzakirələr təşkil etmək lazımdır: “Ermənistanda dövlət yönümlü, real müxalifət formalaşmalıdır. Lakin onu hökumət formalaşdırmamalıdır”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, Paşinyanın bunda məqsədi Rusiyaya bağlı müxalifəti sıradan çıxarmaqdır: “Məsələ ondadır ki, 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan parlamentində Rusiyaya bağlı müxalifət hökmranlıq edir. Halbuki, Paşinyana qarşı Ermənistanda kifayət qədər Qərbyönümlü mövqedən çıxış edən qüvvələr var. Düzdür, həmin qüvvələr marginaldılar. Ancaq hər halda Rusiyaya bağlı olan qədər təhlükəli deyillər. O mənada ki, Ermənistanda Rusiyaya bağlı olan qüvvələr nəyə desən gedərlər. Terrora desən gedəcəklər. Necə ki, 1999-cu ilin oktyabrında Robert Köçəryanın prezidentliyi parlament gülləboran edildi. Bir sıra səbəblərdən bu gün Rusiyanın Ermənistanda bənzər terror aktını törətmək imkanında deyil. Ona görə ki, Ukrayna ilə müharibə Rusiyanı əhəmiyyətli dərəcədə zəiflədib. Ancaq bu, o demək deyil ki, Ukraynada müharibə bitəndən Rusiya Ermənistanla məşğul olmayacaq. Məhz bu səbəbdən Paşinyan belə tələsir və Rusiyaya bağlı müxalifətin sonuna çıxmaq istəyir. Yaxşı bilir ki, bu gün bununla məşğul olmasa, sabah hazırkı parlament müxalifəti onun başına bəla olacaq”.
Vidadi ORDAHALLI


