Siyasət · Bakı Xəbər

Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır... xəbəri üçün şəkil



Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın çərçivə sazişini ratifikasiya edib. Amma yenə də bu, nə Ermənistan daxilində, nə də onun sərhədlərindən kənarda TRIPP-lə bağlı ziddiyyətləri aradan qaldırmayıb. Əksinə, Ermənistana yönəlik təhdidlər artır. Xüsusən də əvvəldən bu layihəyə qarşı olan İranda iddialar səslənir ki, TRIPP İranın Ermənistana çıxışını əngəlləmək üçün ABŞ-ın əlində bir vasitə olacaq. Məhz bu kontekstdə İrandan Ermənistana ünvanlanan xəbərdarlıqların sayı yenidən artır. Nikol Paşinyanın rəqibləri isə bu vəziyyətdə alovun üzərinə benzin tökməklə ölkə daxilində cəmiyyəti TRIPP əleyhinə kökləməyə çalışırlar. Rusiyaya bağlı müxalifətin məqsədi TRIPP-in inşasını mümkün qədər ləngitməkdir.

Beləliklə, Ermənistan parlamenti TRIPP nəqliyyat marşrutu müqaviləsini təsdiqləsə də, layihə ilə bağlı bütün problemlərin aradan qalxdığını söyləmək hələ tezdir. Əvvəldən də gözlənildiyi kimi, müxalifətdəki “Güclü Ermənistan” və “Hayastan” fraksiyaları layihənin əleyhinə səs verdi. Amma parlamentdə səs çoxluğuna malik “Vətəndaş Müqaviləsi” Partiyası üçün layihənin lehinə qərar çıxarılması çətin olmadı. İndi Ermənistan üçün əsas məsələ TRIPP-in mümkün qədər tez inşasıdır və bu prosesə gələn ilin əvvəlindən başlanması gözlənilir. Hətta Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan layihənin Bakı ilə sülh müqaviləsi imzalanmazdan əvvəl də həyata keçirilə biləcəyini bildirib. O, TRIPP-in və digər birgə təşəbbüslərin həyata keçirilməsinin özlüyündə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək edə biləcəyini istisna etməyib. Azərbaycan da ideya müəllifi olduğu TRIPP layihəsinin mümkün qədər tez inşasında maraqlı tərəfdir. Amma həm Ermənistan daxilində, həm də kənarda TRIPP-in reallaşmasına qarşı olanların da sayı az deyil. Həmişəki kimi, rəsmi Tehran TRIPP-dən narazılığını ifadə edir və Ermənistan müxalifəti də İran təhdidini qabardaraq, layihənin ölkə üçün təhlükə mənbəyi olmasına dair görüntü yaratmağa çalışır. İran mediasında da Ermənistan parlamentinin TRIPP layihəsini təsdiqləməsindən sonra yenidən İrəvanı tənqid və təhdid edən materiallalrın sayı artıb. Məsələn, “Tasnim” agentliyi yazır ki, İrəvan əsas tikinti əməliyyatlarına hələ başlamasa da, TRIPP layihəsinin hüquqi prosesini və mühəndislik işlərini paralel olaraq davam etdirir. Qeyd olunur ki, bu məsələnin İran üçün əhəmiyyəti təkcə şimal-qərb sərhədləri yaxınlığında tranzit marşrutunun tikintisi deyil. Nəşr vurğulayır ki, İran sərhədinin düz yanında, Amerika səhmlərinə nəzarət edən bir şirkət tərəfindən idarə olunan iqtisadi layihənin reallaşması və infrastrukturun formalaşdırılması ölkəmizin regional nəqliyyat şəbəkələrinə çıxışının gələcəyi ilə bağlı vacib suallar doğurur. Xüsusilə ABŞ sanksiyaları nəzərə alınmaqla, İran şirkətlərinin, mallarının və iqtisadi aktorlarının bu marşrutdan hansı şərtlər altında istifadə edə biləcəyi aydınlaşdırılmalıdır. İranda belə bir fikir hakimdir ki, TRIPP-in əsas nəzarətçisi ABŞ olduğundan, perspektivdə bu layihə İranın Ermənistana çıxışının da qarşısını almaq üçün istifadə olunacaq. Bundan başqa, İran Amerika hərbi qüvvələrinin TRIPP-in mühafizəsi üçün əraziyə yerləşdirilməsini də istisna etmir və bu halda Ermənistan ərazilərinə zərbələrin endirlməsinin mümkünlüyü ilə bağlı xəbərdarlıqlar da edib. Stenford Universitetinin politoloqu Artur Xaçikyan qeyd edir: “İran ətrafında hərbi eskalasiya baş verərsə, Ermənistan özünü əks qüvvələr arasında maraqların toqquşmasının mərkəzində tapa bilər. ABŞ-ın iştirak etdiyi regional proseslər Ermənistan üçün əlavə risklər yaradır. İranla münasibətlərdə qarşıdurma ehtimalı bu halda xüsusilə təhlükəlidir. Tehran regiondakı ölkələri İranın iqtisadi blokadasında və ya ona qarşı yönəlmiş digər hərəkətlərdə iştirakın nəticələri barədə xəbərdar edib. TRIPP layihəsində Ermənistan bunu mütləq nəzərə almalıdır”.

Tehranın narahatlıqları fonunda Ermənistanda İranla sərhəddə xüsusi komissiya yaradılıb. Onun yaradılması məhz TRIPP layihəsi çərçivəsində səylərin intensivləşdirilməsi ilə əlaqələndirilir. Qeyd edək ki, Ermənistanla İran arasındakı sərhəd 44 kilometr uzunluğundadır və ölkələr arasında cəmi bir sərhəd keçid məntəqəsi var. TRIPP layihəsinin reallaşması və əraziyə ABŞ şirkətlərinin gəlişi bu sərhəd zonasında tamamilə yeni vəziyyət yaradır. İranda, eləcə də Rusiyada hələ də iddialar səslənir ki, TRIPP-in həyata keçirilməsi Ermənistanda Amerika özəl hərbi şirkətlərinin və kəşfiyyat infrastrukturunun meydana çıxmasına səbəb ola bilər. Cənubi Qafqaz məsələləri üzrə iranlı ekspert Ehsan Mohavedian bildirir: “İranın Ermənistandan gözləntisi TRIPP-in İranın həyati maraqlarını təhlükəyə atmamasıdır. İranın iki qırmızı xətti var: sərhəddə Amerika hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini istisna etmək və Ermənistanın suverenliyini və TRIPP üzərində nəzarətini tam şəkildə qorumaq. İran Ermənistanın cənubunu strateji zona kimi görür və hər hansı bir razılaşmada olan ifadədən asılı olmayaraq, TRIPP layihəsinin sərhədində Qərbin daimi iştirakı üçün dayaq nöqtəsinə çevrilməsinə icazə verməyəcək”.

Onu da xatırladaq ki, TRIPP layihəsinə qarşı çıxan Ermənistan müxalifəti bu günlərdə İranın İrəvandakı səfiri Xəlil Şirqolami ilə görüş keçirib. Bundan sonra müxaliflərin TRIPP-ə qarşı mövqeyi daha da kəskinləşib. Bundan əlavə, müxalifəti narazı salan bağlı olduğu Rusiyanın TRIPP-də iştirak etməməsidir.

Tahir TAĞIYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑