Rəşad Bayramov: “Tərəflərin təhlükəsizlik tələblərini eyni hüquqi və siyasi müstəvidə qiymətləndirmək düzgün olmaz”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda qarşılıqlı təhlükəsizlik zəmanətləri müzakirə olunacaq: “Təhlükəsizlik məsələləri müzakirə olunacaq. Təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlər. Onlar yalnız qarşılıqlı ola bilər”.
Kreml sözçüsü vurğulayıb ki, bir ölkənin təhlükəsizliyinin digərinin hesabına təmin edilə bilməyəcəyi təhlükəsizliyin bölünməzliyi prinsipi Rusiyanın mövqeyinin əsas prinsipi olaraq qalır.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçiriləcək. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında baş tutacaq üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək.
Göründüyü kimi, Peskov deyir ki, hər iki tərəfin, yəni Ukraynanın və Rusiyanın təhlükəsizliyinə təminat müzakirə ediləcək. Maraqlıdır, Rusiyanın təhlükəsizliyinə zəmanət necə olacaq? Ukrayna bunu qəbul edəcəkmi? Ukrayna deyir təcavüzə məruz qalmışam və təhlükəsizliyimə təhdid var, ərazi bütövlüyüm pozulub. Rusiyanın nəyi pozulub? Ukrayna Rusiyanın təhlükəsizliyinə təminat verilməsi məsələsinin müzakirəsinə razı ola bilərmi? O cümlədən, Rusiyanın təhlükəsizliyə təminat tələbləri nədən ibarət olacaq?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Görünən odur ki, Kreml müzakirələrin yalnız Ukraynanın gələcək təhlükəsizliyinə dair təminatlarla məhdudlaşmasını istəmir. Rusiya özünün də təhlükəsizlik maraqlarının nəzərə alınmasını danışıqların əsas şərtlərindən biri kimi irəli sürür. Burada əsas məsələ Rusiyanın təhlükəsizliyinin hansı konkret təhdidlərdən qorunmasıdır. Moskvanın arqumentləri əsasən NATO-nun şərqə doğru genişlənməsi, Ukraynanın Qərbin hərbi-siyasi strukturları ilə inteqrasiyası, Ukrayna ərazisində Qərb silahlarının və hərbi infrastrukturunun yerləşdirilməsi ehtimalı, eləcə də Rusiyanın sərhədləri yaxınlığında hərbi fəallığın artması ilə bağlıdır. Kreml bu amilləri öz milli təhlükəsizliyinə təhdid kimi təqdim edir.
Rusiya çalışır ki, özünün təhlükəsizlik narahatlıqlarını da masaya yatırmaqla Ukraynaya qarşı hərbi müdaxiləsini legitimləşdirsin. Halbuki, Ukrayna beynəlxalq səviyyədə tanınmış suveren dövlət kimi öz xarici siyasət istiqamətini və təhlükəsizlik tərəfdaşlarını seçmək hüququna malikdir. Eyni zamanda, Rusiya 2022-ci ildə başlatdığı genişmiqyaslı hərbi əməliyyat nəticəsində Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə ciddi zərbə vurub. Buna görə də tərəflərin təhlükəsizlik tələblərini eyni hüquqi və siyasi müstəvidə qiymətləndirmək düzgün olmazdı”.
R.Bayramovun fikrincə, Rusiyanın təhlükəsizlik təminatları ilə bağlı mümkün tələbləri bir neçə istiqaməti əhatə edə bilər: “Birincisi, Ukraynanın NATO-ya üzvlük perspektivindən imtina etməsi və hərbi baxımdan neytral dövlət statusu qəbul etməsi. İkincisi, Ukrayna ərazisində NATO ölkələrinin hərbi bazalarının, kontingentlərinin və strateji silah sistemlərinin yerləşdirilməsinə yol verilməməsi. Üçüncüsü, Ukrayna ordusunun hərbi potensialının müəyyən çərçivədə məhdudlaşdırılması və Qərbdən aldığı hərbi dəstəyin tənzimlənməsi. Dördüncüsü, Rusiya sərhədləri yaxınlığında təhlükəsizlik zonasının yaradılması və Moskvanın sərhədyanı ərazilərə dair təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasıdır. Bu tələblərin bir qismi Putinin əvvəlki çıxışlarında və Rusiyanın 2024-cü ildə açıqladığı sülh şərtlərində də əksini tapıb. Ukraynanın bu tələblərə münasibətinə gəldikdə isə Kiyev Moskvanın təhlükəsizlik narahatlıqlarının müzakirəsinə prinsip etibarilə etiraz etmir. Zelenski özü də Rusiyanın təhlükəsizlik tələblərinin gələcək razılaşma çərçivəsində müzakirə oluna biləcəyinə dair mövqe səsləndirib. Lakin Zelenskinin yanaşmasındakı əsas şərt Ukraynanın öz təhlükəsizliyinin prioritet olması və Avropanın danışıqlarda iştirakıdır.
Bununla belə, Ukraynanın Moskvanın irəli sürəcəyi bütün tələblərlə razılaşması real görünmür. Çünki NATO-dan imtina, ordunun zəiflədilməsi və Qərbin təhlükəsizlik dəstəyinin məhdudlaşdırılması Ukraynanı gələcəkdə yeni hərbi təcavüz qarşısında müdafiəsiz vəziyyətə sala bilər. NATO-dan imtina mümkündür, amma bunun müqabilində Ukraynaya elə təhlükəsizlik təminatları verilməldir ki, o təminatlar işlək mexanizmlərə malik olsun. Başqa sözlə, Rusiya öz təhlükəsizliyini təmin etmək adı altında Ukraynanın müdafiə imkanlarını məhdudlaşdırmağa çalışarsa, bu, Kiyev üçün qəbuledilməz olacaq. Burada başqa bir mühüm məqam da var: Rusiya Ukraynanın təhlükəsizliyinə təminat verən tərəflərdən biri kimi çıxış etməklə yanaşı, münaqişənin əsas iştirakçısıdır. Bu isə Moskvanın verəcəyi təminatların etibarlılığı məsələsini gündəmə gətirir.
Beləliklə, Peskovun açıqlaması faktiki olaraq Rusiyanın danışıqlarda yalnız Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə etmək niyyətində olmadığını, Avropanın gələcək təhlükəsizlik arxitekturasına dair öz şərtlərini də qəbul etdirmək istədiyini göstərir. Əslində, Moskvanın məqsədi Ukraynanın hərbi-siyasi seçimlərinə müəyyən məhdudiyyətlər qoymaq və Rusiyanın regional təhlükəsizlik sistemində xüsusi mövqeyini rəsmiləşdirməkdir. Lakin davamlı sülh təkcə Rusiyanın öz təhlükəsizlik maraqlarını təmin etməsilə mümkün deyil, bunun üçün Ukraynanın suverenliyi, ərazi bütövlüyü və özünü müdafiə hüququnun qorunması və tanınması da lazımdır. Əbu-Dabi danışıqlarında bu iki fərqli yanaşma arasında kompromisin tapılması isə çətin görünür”.
Vidadi ORDAHALLI



.jpg)