Hüseyn İbrahimov: “İki supergüclə imzalanan sənədlər Azərbaycanın müstəqil xarici siyasət kursunu gücləndirir”
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı ABŞ və Çinlə strateji tərəfdaşlıq münasibətlərinə xüsusi toxundu:
“Beynəlxalq təmaslarımız onu göstərir ki, biz həqiqətən də özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik. Bizim artıq iki super güclə strateji tərəfdaşlıq münasibətlərimiz var. 2025-ci ildə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Çinlə bəyannamə aprel ayında imzalanmışdır, eyni zamanda, 2025-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Beləliklə Azərbaycanın iki super güclə strateji tərəfdaşlıq formatı var. Avropa İttifaqının 10 üzv dövləti ilə bizim strateji tərəfdaşlıq bəyannaməmiz və ya sazişimiz var”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən sosioloq Hüseyn İbrahimovun fikrincə, Azərbaycanın iki supergüclə strateji tərəfdaşlıq münasibətlərinə malik olması çox önəmli əhəmiyyətə malikdir: “Məsələ ondadır ki, bu gün dünya düzəninin formalaşmasında əsasən bu iki ölkə önəmli rol oynayır. O baxımdan hər iki supergüclə tərəfdaşlıq münasibətləri qurmaq Azərbaycanın maraqlarına uyğundur. İkinci Dünya müharibəsindən sonra formalaşan qlobal nizamın mərkəzində Birləşmiş Ştatlar dayanır. ABŞ-ın iqtisadi, maliyyə, hərbi üstünlüyü həlledici faktor olaraq qalır. Qlobal ticarətin əsas hissəsi ABŞ dolları ilə həyata keçirilir. Təkcə bu faktor ABŞ-ın nə qədər dominant gücə malik olduğunu göstərir. Bundan başqa, süni intellekt, biotexnologiyalar, kosmik tədqiqatlar məhz ABŞ-ın üstünlüyü altındadır. Digər supergüc Çindir. Çin son illər sürətlə böyüyərək ikinci supergücə çevrilib. Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsü və Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas logistik həlqəyə çevrilib. Prezident Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın önəmini, etibarlı strateji tərəfdaşlara malik olduğunu göstərir. İki supergüclə imzalanan məlum sənədlər Azərbaycanın müstəqil xarici siyasət kursunu gücləndirir. Bu, həm də ölkəmizin geosiyasi çəkisini artırır. Bu sənədlər Azərbaycan üçün nəqliyyat, enerji, texnologiya, investisiya və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq imkanları yaradır”.
Vidadi ORDAHALLI




