İngiltərə təmsilçisi "Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-nın 2026/2027 mövsümü üçün texniki müşahidəçilər qrupuna daxil edilib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
36 mütəxəssisdən ibarət qrup Avropa klub turnirlərində keçirilən oyunları təhlil edir, taktiki tendensiyaları və məşqçilərin qərarlarını qiymətləndirir. Müşahidəçilər, həmçinin statistik məlumatlar və video materiallar əsasında texniki hesabatlar hazırlayırlar.
Arne Slotla yanaşı, Erik ten Haq, Ule-Qunnar Sulşer, Qaret Sautqeyt, Tomas Frank və Rafael Benites də qrupun üzvləri sırasına daxil ediliblər.
Qeyd edək ki, Arne Slot bu ilin mayında "Liverpul"dan ayrılıb. Niderlandlı mütəxəssis 2024-cü ildən İngiltərə klubuna rəhbərlik edib və 2024/2025 mövsümündə Premyer Liqanın qızıl medalını qazanıb. ///report///




