Yəməndə Husilər ölkənin üçüncü ən böyük şəhəri olan Taizə yaxınlaşıblar.
Bu barədə "Financial Times” qəzeti yerli sakinlərin məlumatlarına istinadən yazıb.
Nəşrin məlumatına görə, şəhərin ələ keçirilməsi Husilərə beynəlxalq səviyyədə tanınan hökumətin yerləşdiyi Ədən şəhərinə doğru irəliləmək imkanı verə bilər.
"Financial Times” yazır ki, Taizə gedən bütün əsas girişlər döyüş zonasına çevrilib. Yerli sakinlərin sözlərinə görə, toqquşmalar o qədər qəfil başlayıb ki, insanlar təhlükəsiz ərazilərə təxliyə olunmağa imkan tapmayıblar.
Şəhər sakinləri ərzaq, dərman və yanacaq çatışmazlığından, eləcə də bu məhsulların qiymətlərinin kəskin artmasından şikayət edirlər. Onlar şəhərin ələ keçirilməsindən və küçə döyüşlərinin başlanmasından ehtiyatlanırlar. Bununla belə, sakinlər cəbhə xəttini keçməli olacaqlarından qorxaraq şəhəri tərk etməyə də çəkinirlər. "New America” analitik mərkəzinin elmi əməkdaşı Adam Baron "Financial Times”a bildirib ki, Taiz uzun müddətdir husilərə qarşı müqavimətin əsas mərkəzlərindən biri olub. Şəhər həm də Yəmən prezidenti Rəşad əl-Əliminin doğulduğu yerdir.
Ekspertin sözlərinə görə, Taiz üzərində nəzarətin ələ keçirilməsi təkcə strateji deyil, həm də simvolik əhəmiyyət daşıyır.
Husilər 2015-ci ildə də Taizi mühasirəyə almağa cəhd göstəriblər. Hazırkı mühasirə hökumət qüvvələrinin şəhərətrafı geniş ərazilər üzərində nəzarəti qoruyub saxlamaqda çətinlik çəkdiyini göstərir. On ildən çox əvvəl həmin ərazilər döyüşlərdən qaçan sakinlər üçün sığınacağa çevrilmişdi.
"Financial Times”ın yazdığına görə, bu dəfə şəhərətrafı ərazilərdə yaşayanların çoxu Taizə köçüb. Bu isə onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirib. ///bizimmedia///





