Almaniyanın Bavariya əyalətində, Obersaltsberq bölgəsində yerləşən və nasist lideri Adolf Hitler tərəfindən istifadə olunmuş "Qartal yuvası” ("Kehlsteinhaus”) dağ evində güclü yanğın olub.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, 1938-ci ildə 1834 metr hündürlükdə inşa edilən tarixi taxta konstruksiya yanğın nəticəsində, demək olar ki, tamamilə məhv olub və istifadəyə yararsız hala düşüb.
Məlumata görə, yanğın siqnalı daxil olduqdan dərhal sonra əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub. Lakin dağlıq relyef və çətin coğrafi şərait səbəbindən ağır texnikanın hadisə yerinə çatmasında ciddi maneələr yaranıb. Binada heç kimin olmadığı, xəsarət alanların qeydə alınmadığı bildirilir.
Hadisədən dərhal sonra polis ərazidə nömrə nişanı olmayan qırmızı motosiklet sürən 33 yaşlı Almaniya vətəndaşını saxlayıb. Berlində yaşayan həmin şəxsin binanı qəsdən yandırdığına dair əsaslı şübhələr var və araşdırma davam edir.
Bavariya Daxili İşlər Naziri Yoahim Herrmann tarixi obyektdəki dağıntılara baxmayaraq, "Qartal yuvası”nın yenidən tikiləcəyini bəyan edib. O, binanın sığortalandığını və sığorta şirkəti ilə müvafiq hüquqi prosedurların aparıldığını diqqətə çatdırıb.
İkinci Dünya müharibəsindən zərər görmədən çıxan və son illərdə restoran-muzey kimi fəaliyyət göstərən "Kehlsteinhaus” nasist rejimi dövründə yüksəkvəzifəli şəxslərin istirahəti və xarici diplomatların qəbulu üçün istifadə olunurdu.









