Malinin şimal-şərqində yerləşən Menaka rayonunda 54 dinc sakinin meyiti aşkar edilib.
Xinhua agentliyi xəbər verir ki, bu barədə Mali Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.
Məlumata görə, hərbçilər mülki əhalinin terror hücumuna məruz qalması barədə siqnal aldıqdan sonra əraziyə birgə patrul dəstəsi göndəriblər. Axtarışlar zamanı Menaka şəhərindən 35 kilometr cənub-şərqdə yerləşən yaşayış məntəqəsində 54 sakinin cəsədi tapılıb, həmçinin 9 nəfər sağ qalan şəxs müəyyən edilib. Həlak olanlar dəfn olunub, xilas edilənlər isə tibbi və humanitar yardım göstərilməsi üçün Menaka şəhərinə təxliyə ediliblər. Bəyanatda hücumun dəqiq nə vaxt törədildiyi açıqlanmayıb.
Baş Qərargahdan bildirilib ki, ilkin ifadələrə əsasən, qətliamın "Böyük Səhra İslam Dövləti” ekstremist təşkilatı tərəfindən törədildiyi ehtimal olunur. Ordu yüksək riskli ərazilərdə dinc əhalinin mühafizəsini gücləndirib, bəzi sakinləri təhlükəsiz yerlərə köçürüb və hücum edənlərin tapılaraq məsuliyyətə cəlb olunacağını bəyan edib.
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. ///azərtac///





