Sirrin cazibəsi: 7 əsrlik “Diri Baba” turistlərin diqqətində
“Diri Baba” türbəsində 9 ayda 28 mindən çox turist olub. 2026-cı ilin yanvar-sentyabr aylarında 12175 xarici turist bilet alaraq, 16 040 nəfər ödənişsiz qaydada memarlıq abidəsini ziyarət edib. AzVision.az xəbər verir ki, bunu “Diri Baba” abidə kompleksinin direktoru Yusif Məmmədov Dövlət Turizm Agentliyi tərəfindən 7-8 oktyabr tarixlərində təşkil olunan mediatur zamanı jurnalistlərə müsahibəsində deyib.Abidənin tarixi, memarlıq xüsusiyyətləri və ziyarətçi statistikası barədə məlumat verən Yusif Məmmədov bildirib ki, 7 əsrlik tarixə malik “Diri Baba” türbəsi 1402-ci ildə Şirvanşahlar dövlətinin hökmdarı Şeyx İbrahim Xəlilullahın əmri ilə inşa edilib. İki mərtəbədən ibarət olan türbənin birinci mərtəbəsində namazgah, ikinci mərtəbəsində isə şeyxin vaxtilə inzivaya çəkildiyi hücrəyə giriş yerləşir.

Yusif Məmmədov bildirib ki, abidənin “Diri Baba” adlandırılması ilə bağlı rəvayətə görə, burada xəlvətə çəkilən şeyxin ölümündən sonra uzun müddət bədəni çürüməyib. Buna görə yerli əhali onu “Diri Baba” adlandırıb və türbənin adı da belə qalıb.
Türbəni müxtəlif dövrlərdə çoxsaylı səyyahlar ziyarət edib. 1636-cı ildə alman səyyahı Adam Oleari burada olub, türbənin qravürünü çəkib və abidə haqqında yazıb. 1647-ci ildə məşhur Osmanlı səyyahı Övliya Çələbi “Səyahətnamə” əsərində “Diri Baba” haqqında məlumat verib. Övliya Çələbi şeyxin çürüməyən bədənini gördüyünü yazıb və onun mağaranın divarına söykənmiş vəziyyətdə olduğunu, saç-saqqalının olduğu kimi qaldığını qeyd edib.
1703-cü ildə holland səyyahı Kornelius de Bruin də türbədə olub. 1861-ci ildə isə rusların elmi ekspedisiyası çərçivəsində akademik Dorn və akademik Bartolomey burada araşdırmalar aparıblar. Akademik Dorn türbənin iki fotosunu da çəkib.
Məmmədov qeyd edib ki, vaxtilə türbənin birinci və ikinci mərtəbələri arasında daş kitabə olub. 1875-ci ildə akademik Dornun fondu yanıb və daş kitabə itib. 1965-ci ildə tarixçi-araşdırmaçı Məşədixanım Nemət Sankt-Peterburqda yerləşən Ermitaj Muzeyində həmin daş kitabənin surətinə rast gəlib. Kitabənin surətində türbənin Şirvanşah Şeyx İbrahim Xəlilullahın əmri ilə hicri 805-ci ildə, yəni miladi 1402-ci ildə inşa edildiyi qeyd olunur.
Yusif Məmmədovun sözlərinə görə, 1963-cü ildə Misir Ərəb Respublikasının prezidenti Camal Əbdül Nasir sırf “Diri Baba” türbəsini ziyarət etmək üçün SSRİ-yə səfər edib. Türbənin ətrafında yerləşən mağaralar da kompleksin tarixində mühüm yer tutur. Məmmədov bildirib ki, həmin mağaralarda vaxtilə sufilər və dərvişlər inzivaya çəkiliblər.
O, ərazinin sufizmin Xəlvətilik təriqəti ilə əlaqələndirildiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda formalaşan bu sufi cərəyanının kökləri Şamaxıda Pir Ömər Xəlvəti ilə bağlıdır. Xəlvətilik təriqətinin ən mötəbər şəxslərindən biri isə Seyid Yəhya Bakuvi olub. Onun məzarı hazırda İçərişəhərdə yerləşir və “Dərviş türbəsi” kimi tanınır. Bakuvinin sistemləşdirdiyi Xəlvətilik təriqəti müridləri vasitəsilə Şimali Afrikaya, Balkanlara və Anadoluya yayılıb. Onun sözlərinə görə, Osmanlı imperiyasının 34 sultanından 21-i bu təriqətin mənsubları olub.
Kompleksin direktoru bildirib ki, hazırda “Diri Baba”nı dünyanın müxtəlif ölkələrindən turistlər ziyarət edir. Onun sözlərinə görə, ziyarətçilər arasında ABŞ, Yaponiya, Avropa ölkələri, Rusiya və Madaqaskardan gələn turistlər də var.
Səbinə Həsənova
AzVision.az





