Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2030-cu ildə hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra dövlət başçısı vəzifəsini tərk etməyə hazır olduğunu açıqlayıb. O, prezidentlik müddətinin başa çatması ilə bağlı məsələnin artıq qəti şəkildə həll olunduğunu və bu barədə əlavə müzakirələrə ehtiyac olmadığını bildirib.
AzPolitika.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Əbdülfəttah əs-Sisi Misir Konstitusiyasının müddəalarının qorunmasının vacibliyini vurğulayaraq, 2030-cu ili prezidentlik fəaliyyətinin sonu kimi gördüyünü qeyd edib.
“Misir Konstitusiyası toxunulmazdır. Qarşıdakı dövr – 2030-cu ili nəzərdə tuturam – mənim prezidentlik müddətimin sonu olacaq. Bu məsələ qəti həll olunub və müzakirə mövzusu deyil”, – deyə Misir lideri bildirib.
Qeyd edək ki, Əbdülfəttah əs-Sisi 2014-cü ildən Misirə rəhbərlik edir. O, 2018-ci ildə ikinci dəfə prezident seçilib. 2019-cu ildə keçirilən konstitusiya referendumu nəticəsində isə onun gələcəkdə yenidən prezidentliyə namizədliyini irəli sürməsinə imkan yaradan dəyişikliklər qəbul edilib. Həmin dəyişikliklər çərçivəsində prezidentin səlahiyyət müddəti də dörd ildən altı ilə qaldırılıb.
Beləliklə, əs-Sisinin hazırkı açıqlaması onun 2030-cu ildə prezidentlik fəaliyyətini başa çatdırmaq niyyətini ifadə edir. Bununla belə, bu bəyanatın gələcək siyasi proseslərə necə təsir göstərəcəyi və hakimiyyətin ötürülməsi ilə bağlı hansı addımların atılacağı hələlik məlum deyil.
Gülnar
"AzPolitika.info"




