Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadikovun açıqlamasına görə, quruma üzv dövlətlərin liderləri noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistanın təşkilatdakı üzvlüyü məsələsini müzakirə edə bilərlər. Bu təklifin iclasa sədrlik edən Rusiya və ya digər üzv dövlət tərəfindən irəli sürülə biləcəyi bildirilir.
Masadikov xatırladıb ki, KTMT Təşkilatının 25-ci maddəsinə əsasən, üzvlük haqqını ödəməyən və kvota pozisiyalarını doldurmayan ölkələrin səsvermə hüququ yoxdur. Sənədə görə, əgər üzv dövlət büdcə qarşısındakı öhdəliklərini yerinə yetirməzsə, Şura borc tam ödənilənədək həmin dövlət vətəndaşlarının qurum içindəki kvota vəzifələrinə namizəd irəli sürmək hüququnu askıya ala və səsvermə hüququndan məhrum edə bilər.
Baş katibin sözlərinə görə, Ermənistan nümayəndəsi təşkilatın daimi şurasının iclaslarında həftəlik əsasda iştirak etsə də, İrəvan faktiki olaraq KTMT-dən uzaqlaşıb: "Onlar bizim işimizə mane olmurlar, qərarlar qəbul etməyə davam edirik. Həftəlik hesabatları dinləyirlər, lakin əsas tədbirlərimizə qatılmırlar. Əslində, onlar faktiki olaraq KTMT-dən çəkiliblər".
İyun ayında baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxarılması ehtimalından narahat olmadığını bildirərək deyib: "Üzv dövlətlər Ermənistanı çıxarmaq qərarına gelsələr, biz bu qərarı nəzərə almaq məcburiyyətindəyik".
Daha əvvəl isə Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT ölkələrinin Ermənistanla bağlı addımları müzakirə etmək üçün razılığa gəldiklərini açıqlamışdı.
Ermənistanın Rusiya rəhbərlik etdiyi digər inteqrasiya bloku olan Avrasiya İqtisadi Birliyi (Aİİ) ilə də münasibətləri tarazlaşmır. Birliyin yayımladığı rapora görə, digər dörd üzv ölkə Ermənistanın üzvlüyünün askıya alınmasını nəzərdən keçirə bilər. Sənədin müəllifləri Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyinin Aİİ qaydalarına zidd olduğunu vurğulayırlar.
Buna baxmayaraq, xarici işlər naziri Ararat Mirzoyan və baş nazir Nikol Paşinyan KTMT-dən fərqli olaraq, Aİİ-də hər hansı üzv ölkəni qurumdan xaric etmək və ya üzvlüyünü dondurmaq üçün hüquqi mexanizmin mövcud olmadığını xatırladırlar. Paşinyan sözügedən sənədi ölkədə daxili siyasi qeyri-sabitliyi qızışdırmağa və Ermənistanı müstəqilliyindən məhrum etməyə yönəlmiş növbəti cəhd kimi qiymətləndirib.
Aİİ hesabatının müəllifləri Ermənistanın birlikdən ayrılacağı təqdirdə ölkə iqtisadiyyatının ağır zərbə alacağını proqnozlaşdırırlar. Xüsusilə aşağıdakı mənfi nəticələr diqqətə çatdırılır:
-Təbii qazın qiymətinin təxminən 70 faiz artması;
-Ermənistandan ixracın 30-50 faiz, idxalın isə yarıbayarı azalması;
-Aİİ ölkələri ilə ticarət dövriyyəsinin 56 faizədək geriləməsi;
-ÜDM-in 15 faizdən çox enməsi, həmçinin əmək miqrasiyası şərtlərinin sərtləşməsi və ölkəyə daxil olan pul köçürmələrinin yarıbayarı azalması.
Paşinyanın kabineti bu hesablamaları şişirdilmiş hesab etsə də, baş nazir şəxsən Ermənistan iqtisadiyyatının bu cür çətinliklərə sinə gərməyə qadir olduğunu iddia edir.
Rasim Əliyev
“AzPolitika.info”

