Son xəbərlər · AzPolitika

KORRUPSİYA FAKTINI İFŞA EDƏNLƏR ÜÇÜN MÜKAFAT... – Nə qədər pul veriləcək, riski varmı?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
KORRUPSİYA FAKTINI İFŞA EDƏNLƏR ÜÇÜN MÜKAFAT... – Nə qədər pul veriləcək, riski varmı? xəbəri üçün şəkil

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin maddi baxımdan həvəsləndirilməsi ilə bağlı yeni mexanizm müəyyənləşdirilir.

Məlumat verən şəxslərə ödəniləcək mükafatın məbləği, onun hansı hallarda veriləcəyi, eləcə də korrupsiya faktını açıqlayan şəxsin zərər görməsi halında tətbiq olunacaq təminatlar yeni qanun layihəsində əksini tapıb. Məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, şəxsin təqdim etdiyi məlumat araşdırıldıqdan sonra təsdiqini taparsa, ona təşkilatın vəsaiti hesabına maddi mükafat ödəniləcək. Büdcə təşkilatlarında isə bu ödəniş həmin qurumların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına həyata keçiriləcək. Mükafatın məbləği müəyyənləşdirilərkən hüquqpozmanın xarakteri, aşkar edilmiş faktların sayı, təqdim olunan məlumatın korrupsiya əməlinin üzə çıxarılmasındakı əhəmiyyəti, dövlətə və ya digər şəxslərə vurulmuş zərərin, eləcə də bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.

İlkin mərhələdə məlumat verən şəxsə ödəniləcək mükafat minimum əməkhaqqının 25 mislindən artıq ola bilməyəcək. Bununla yanaşı, korrupsiya faktı cinayət işi ilə nəticələnərsə, məlumat verən şəxs üçün daha yüksək ödəniş nəzərdə tutulur.

Belə ki, məhkəmə hökmü və ya digər yekun qərar nəticəsində xüsusi müsadirə edilmiş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə olunan vəsaitdən, yaxud xüsusi müsadirə edilmiş pul vəsaitindən müəyyən edilmiş xərclər çıxıldıqdan sonra qalan məbləğin 5 faizi məlumat verən şəxsə ödəniləcək. Eyni qayda dövlət büdcəsinə ödənilməsi təmin edilən məbləğə və ya dövlətə ödənilən maddi ziyanın miqdarına da şamil ediləcək. Cinayət işi üzrə belə ödənişin verilməsi barədə qərarı məhkəməyədək icraat zamanı prokurorun razılığı ilə müstəntiq, məhkəmə icraatı zamanı isə işə baxan məhkəmə qəbul edəcək.

Qanun layihəsində korrupsiya barədə məlumat verən şəxsin təhlükəsizliyi ilə bağlı da xüsusi müddəalar yer alıb. Belə ki, məlumat verən şəxs, onun yaxın qohumu və ya qohumu bu məlumatla əlaqədar həlak olarsa, ailəsinə 20 min manat birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulur. Məlumat verən şəxs və ya onun yaxınları korrupsiya faktının açıqlanması ilə əlaqədar bədən xəsarəti alarsa, 10 min manat birdəfəlik müavinət veriləcək. Məlumat verən şəxsin əmlakına dəymiş zərərin də qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi nəzərdə tutulur.

Digər diqqətçəkən məqam isə mükafatların vergiyə cəlb edilməməsidir. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, korrupsiya barədə məlumat verən şəxslərə ödənilən maddi mükafat gəlir vergisindən azad ediləcək. Beləliklə, layihə korrupsiya faktı barədə məlumat verən şəxslər üçün həm maddi həvəsləndirmə, həm də məlumatın açıqlanmasından sonra onların və yaxınlarının müdafiəsinə dair mexanizmlər müəyyənləşdirir.

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya təşəbbüsün potensial olaraq faydalı ola biləcəyini, lakin onun effektivliyinin mükafatın məbləğindən daha çox tətbiq mexanizmindən asılı olduğunu bildirib.

Onun sözlərinə görə, burada əsas məsələ korrupsiya barədə məlumat verən şəxsin təqdim etdiyi informasiyanın necə və nə dərəcədə şəffaf araşdırılacağı, eləcə də həmin şəxsin sonradan necə qorunacağıdır.

X. Kərimli hesab edir ki, mexanizm düzgün qurulmasa, nəzərdə tutulan məqsədin əksinə olaraq müəyyən risklər yarana bilər: “Korrupsiya barədə məlumat verən şəxslərin mükafatlandırılması mürəkkəb məsələdir və təşəbbüsün nəticəsi onun praktiki olaraq necə tətbiq ediləcəyindən asılı olacaq. Belə mexanizm korrupsiya hallarının azalmasına müəyyən töhfə verə bilər. Lakin burada əsas məsələ mükafatın məbləği deyil, məlumatların araşdırılması və məlumat verən şəxsin müdafiəsinin necə təmin olunacağıdır”.

Xalid Kərimli hesab edir ki, mexanizmin düzgün qurulmaması müxtəlif sui-istifadə hallarına da yol aça bilər. Onun fikrincə, insanlar arasında şəxsi və ya işgüzar rəqabətdən irəli gələn əsassız məlumatların təqdim edilməsi və bunun kiməsə qarşı istifadə olunması riski nəzərə alınmalıdır.

İqtisadçı xüsusilə məlumat verən şəxslərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb: “Əgər bu, sovet dövründəki kimi hansısa şəxslərə qarşı mübarizə formasına çevriləcəksə, heç bir effekt olmayacaq. Əksinə, repressiyalarla nəticələnə bilər. İnsanlar bir-birinin rəqibini sıradan çıxarmaq üçün bu mexanizmdən istifadə edə bilər”.

X. Kərimli bu səbəbdən məsələyə ehtiyatla yanaşmağın vacib olduğunu bildirib. Onun sözlərinə görə, mexanizmin tətbiqindən çox şey asılıdır və düzgün işləmədiyi halda nəzərdə tutulan faydadan daha çox zərər də yarana bilər.

E. Bəyməmmədli

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑