Abşeron rayonu, Hökməli-Qobu-Güzdək avtomobil yolunun 4-cü kilometrində yaranmış problem sürücülərin narazılığına səbəb olub. Sürücülər yolda çox sayda dərin çalanın yarandığını, yağışlı havalarda həmin çalalara su dolması səbəbindən hərəkətin çətinləşdiyini bildiriblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, yolda əsaslı təmir işlərinə başlanılması üçün əvvəlcə ərazidə drenaj sistemi və suötürücü xətlər inşa edilməlidir.
"AzPolitika" xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yanında Su Meliorasiya Xidmətindən Oxu..az-a verilən məlumata görə, Hökməli-Qobu-Güzdək avtomobil yolunun 4-cü kilometrində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi, eləcə də yağış sularının kənarlaşdırılması məqsədilə hər hansı şəbəkə mövcud deyil.
Qeyd olunub ki, ərazidə yağış və səth sularının kənarlaşdırılması ilə bağlı məsələlərin gələcəkdə həyata keçiriləcək müvafiq layihələr çərçivəsində öz həllini tapması nəzərdə tutulur.





