Qarabağ Zəfərindən sonra qondarma separatçı rejim rəhbərlərinin əli qandallı Bakıya gətirilərək məhkəmə qarşısına çıxarılması tariximizə yazılacaq şərəf səhifəsi, ədalətin bərpası və azərbaycanlıların qanının yerdə qoyulmaması faktıdır. Lakin müttəhimlər kürsüsündə cavab verməli olan və “yeri görünən” daha “iri balıqlar” var...
Çox zaman onların adları çəkilərkən Qarabağdakı separatizmin, terrorun önündə getmiş sabiq Ermənistan prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın adları çəkilir. Lakin nədənsə, bu zaman Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı yada salan olmur. Hansı ki, Levon Ter-Petrosyan Qarabağı Azərbaycandan ayırmaq üçün təşkil olunan “hərəkat”ın başında duran ilk təxribatçılardan, terrorçulardan, hərbi canilərdən biri olub.
Məhz o, Erməni Milli Hərəkatına (ERH) rəhbərlik etmiş və daha sonra Ermənistan Ali Şurasının sədri seçilmiş, onun sədrliyi ilə 23 avqust 1990-cı ildə Ermənistanın İstiqlal Bəyannaməsi qəbul edilmişdi. Növbəti ildə Ermənistanın ilk prezidenti seçiləndən sonra Azərbaycana qarşı hərbi müdaxiləyə və işğala da o rəhbərlik edib, onun başçılığı ilə Şuşa və digər rayonlarımız - Azərbaycan torpaqlarının 20%-i işğal edilib. Yəni, onun əli azərbaycanlıların qanına koçaryanlardan, sarqsyanlardan heç də az bulaşmayıb. Əksinə, “ilana zəhər verən kərtənkələ”nin ən böyüyü elə Ter-Petrosyan olub...

Ancaq bu gün o, az qala “sülh göyərçini” donundadır və onu nahaq yerə Ermənistanda “qoca tülkü” adlandırmırlar. 1998-ci ildə məhz Qarabağla bağlı fikir ayrılıqları üzündən istefa verən Ter-Petrosyan əslində, Robert Koçaryan və Serj Sarqsyanın dəstəsi tərəfindən devrilmişdi. O, hələ 1997-ci ildə yazdığı məşhur "Müharibə, yoxsa sülh? Düşünməyin vaxtıdır" məqaləsində Azərbaycanla sülhə dair, erməni cəmiyyətinin böyük hissəsinin əleyhinə olduğu tezislərlə çıxış etmişdi.
Ter-Petrosyan məqaləsində Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları əbədi olaraq öz işğalı altında saxlaya bilməyəcəyini qeyd etmişdi. Onun planı Qarabağ üçün “status” və “beynəlxalq təhlükəsizlik zəmanətləri” müqabilində ətraf rayonların Azərbaycana mərhələli şəkildə qaytarılmasını nəzərdə tuturdu. Çünki Ter-Petrosyan Azərbaycana qarşı törədilən cinayətlərin miqyasını hamıdan yaxşı bilir, buna görə nə vaxtsa mütləq cavab verilməli olacağını hamıdan yaxşı anlayırdı. Onun Azərbaycana “güzəşt” çağırışları da onun “sülhpərvərliyindən” deyil, gələcəyi digərlərindən daha yaxşı görməsindən irəli gəlirdi...

Daha sonra o, öz xələfləri olan Robert Koçaryan və Serj Sarqsyanı maksimalist mövqelərinə görə tənqid etdi. Ter-Petrosyan açıq şəkildə bəyan edirdi ki, Ermənistanın mövqeyi zamanla Azərbaycanın artan iqtisadi və hərbi gücü səbəbindən pisləşəcək və vaxt gələcək ki, Ermənistan 1990-cı illərin sonlarında ona təklif olunan, lakin rədd etdiyi şərtləri arzulayacaq. Ancaq Azərbaycan artıq bu şərtlərlə razılaşmayacaq...
2007-ci ilin sonlarında siyasi arenaya qayıdan Ter-Petrosyan yenə Azərbaycan və Türkiyə ilə sülhü öz siyasi ritorikasının əsas mövzusu etdi. Onun əsas mesajı ondan ibarət idi ki, Azərbaycan və Türkiyə ilə rəsmi sülh olmasa, Ermənistan iqtisadi blokadadan çıxmayacaq və bu da əhalinin ölkədən axınına və dövlətin zəifləməsinə səbəb olacaq. Nəticədə Azərbaycan hərbi qisasını alacaq...
Ancaq ermənilər onu dinləmədilər. Əksinə, 1990-cı illərin əvvəllərində Rusiyanın birbaşa dəstəyi və köməyilə Azərbaycan torpaqlarını işğal edən və bu “uğurdan başgicəllənməsi olan” erməni cəmiyyəti onu “xain”, “satqın”, “manqurt” damğaları ilə mükafatlandırdı. Hətta 2020-ci ildəki 44 günlük müharibədən sonra – 2021-ci və 2022-ci illərdəki müsahibələrində də Ter-Petrosyan ermənilərə Azərbaycanın şərtlərilə razılaşmağı, Rusiyaya, yaxud başqa bir qüvvəyə güvənməməyi məsləhət görmüşdü. Lakin ağır məğlubiyyətə rəğmən, yenə də ermənilərin əksəriyyəti onunla razılıaşmadılar. Elə bəlkə də yaxşı ki, razılaşmadılar...
Beləliklə, ermənilər zamanında onu eşitmədilər və onun demək olar, bütün “öncəgörmələri” acı reallıq kimi özünü doğrultdu.

Maraqlıdır ki, bu gün də ermənilərin əhəmiyyətli hissəsi onu “satqın” adlanırır, hətta onu arvadı rus olduğuna görə ittiham edirlər. Üstəlik, həmin qatı millətçi kəsim Nikol Paşinyanı Ter-Petrosyanın “mənəvi oğlu” adlandıraraq, məğlubiyyətə görə məsuliyyəti onun üstünə atırlar. Ağıllanmırlar!
Eyni zamanda da elə həmin cəmiyyətin daha böyük bir qismi Ter-Petrosyanı “Qarabağ hərəkatı”nı başlatdığı, Ermənistanı Azərbaycanla düşmən etdiyi üçün lənətləyir. Bu da bir daha erməni cəmiyyətinin qatı millətçilik, nankorluq, yekəxanalıq və eyni zamanda da başı əziləndən sonrakı peşmançılıq kimi eybəcər xüsusiyyətlərdən yoğrulmuş kütlə olduğunun göstəricisi, sübutudur. Elə Qarabağdakı terrorçuluğun, separatizmin banilərindən biri olub, sonra da “sülh göyərçini”nə çevrilən Ter-Petrosyan da elə həmin cəmiyyətin bir üzvüdür...

“Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar”. Bunu Azərbaycan Prezidenti Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə deyib və bununla bir daha xatırladıb ki, tək Koçaryan və Sarqsyan deyil, “qoca tülkü” Ter-Petrosyan da ən ağır cəzaya layiq, lakin layiq olduğu cəzanı hələ də almayan canidir!
Azərbaycan ən yeni tarixində çox mümkünsüzləri mümkün edib, odur ki, bir gün koçaryanların, sarqsyanların, ter-petrosyanların, ohanyanların və s. layiq olduqları cəzaya çatdırılacaqlarını qətiyyən istisna etmək olmaz...
Elxan Qüdrətoğlu
“AzPolitika.info”

