Vaşinqton, 17 oktyabr,
ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan xalçaçılıq sənətinə, qurama ənənələrinə və milli sənətkarlıq nümunələrinə həsr olunmuş “Azərbaycan Mədəniyyəti Günü: Naxışlar, rənglər və hekayələr” adlı təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ABŞ-dəki səfirliyi və ABŞ–Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və incəsənət təşkilatlarının nümayəndələri, o cümlədən Corc Vaşinqton Universitetinin Tekstil Muzeyinin, Diplomatların Mədəni Mübadiləsi təşkilatının və “Vaşinqtona xoş gəlmisiniz” Beynəlxalq Klubunun təmsilçiləri iştirak ediblər.
Tədbiri açan ABŞ–Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov bildirib ki, mədəniyyət və incəsənət xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır.
Onun sözlərinə görə, Palatanın əsas fəaliyyət istiqaməti biznes və ticarət əməkdaşlığının təşviqi olsa da, mədəniyyət bu münasibətlərə insani məna qazandırır.
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim çıxışında incəsənətin yalnız mədəni irsin qorunması baxımından deyil, həm də insanların mənəvi və psixoloji rifahının təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Səfir qeyd edib ki, incəsənətin insanlara mənəvi dəstək verməsi Azərbaycan mədəniyyətinə də xas olan xüsusiyyətdir. Onun sözlərinə görə, xalçalar və digər sənət nümunələri Azərbaycan xalqının milli kimliyinin ayrılmaz hissəsidir və əsrlər boyu insanların gündəlik həyatında xüsusi yer tutub.
Xəzər İbrahim vurğulayıb ki, Azərbaycan xalçaları yalnız bədii dəyər daşımır, həm də ailə bağlarını, nəsillərin yaddaşını və mənəvi dəyərləri yaşadır.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova “Xalçalarda xoşbəxtlik: Xalçaların insanı xoşbəxt etməsinin 10 səbəbi” kitabının ingilis dilində nəşrini təqdim edib.
Muzeyin direktoru bildirib ki, Azərbaycan xalçası yalnız dekorativ-tətbiqi sənət nümunəsi deyil, həm də xalqın həyat fəlsəfəsini, dünyagörüşünü, duyğularını və nəsillər arasında mənəvi bağlılığı əks etdirən zəngin mədəni irsdir.
Əminə Məlikova qeyd edib ki, Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu əsasən qadınlar tərəfindən yaşadılıb. Xalçaların üzərindəki ornamentlər və rənglər Azərbaycanın müxtəlif bölgələrinin təbiətini, flora və faunasını, memarlığını, eləcə də insanların dünyagörüşünü əks etdirir. O bildirib ki, hazırda Azərbaycan Milli Xalça Muzeyində təxminən 12 min xalça və xalça məmulatı qorunur.
Muzeyin direktoru qonaqlara “Qurama: Qalstuklardan toxunan hekayələr” adlı sərgini də təqdim edib. Əminə Məlikovanın sözlərinə görə, layihə çərçivəsində müxtəlif ölkələrdən toplanmış təxminən 5 min istifadə olunmuş qalstukdan yeni sənət əsərləri hazırlanıb.
İlk dəfə nümayiş etdirilən kompozisiyalarda Qarabağ xalçaçılıq məktəbinin motivləri, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin portreti, Azərbaycanın neft sənayesi, eləcə də müxtəlif mədəni və bədii mövzular əks olunub.
O qeyd edib ki, layihənin əsas ideyası istifadə olunmayan əşyalara yeni həyat verməklə onların daşıdığı xatirələri, tarixi və mənəvi dəyərləri incəsənət vasitəsilə yaşatmaqdır.
Tədbirdə, həmçinin “Tətbiqi sənət nümunələrinin qorunması və təbliği” İctimai Birliyinin nümayəndəsi Lalə Sərdarlı “Art-terapiya: Mədəniyyətin və sağlamlığın keşiyində” layihəsini təqdim edib.
Lalə Sərdarlı çıxışında ailə üzvləri ilə birlikdə həyata keçirdiyi yaradıcı təşəbbüsün tarixindən danışıb. O bildirib ki, əvvəlcə kiçik əl işi kimi başlayan təşəbbüs sonradan ənənəvi Azərbaycan sandıq və mücrü sənətinin araşdırılması və inkişaf etdirilməsi istiqamətində genişlənib.
Lalə Sərdarlı əlavə edib ki, pandemiya dövründə Bakının Novxanı qəsəbəsində yaradılan “Sandıqçılıq” mədəniyyət və yaradıcılıq məkanı hazırda tədqiqatların, sərgilərin, təlimlərin, ustad dərslərinin və mədəni görüşlərin keçirildiyi mərkəz kimi fəaliyyət göstərir.
Tədbir çərçivəsində “Sandıqçılıq” yaradıcılıq məkanında hazırlanan, XXI əsr Azərbaycanının mədəni yaddaşını və yaradıcı potensialını əks etdirən əl işləri də nümayiş olunub.
Qonaqlara Azərbaycan kəlağayı sənətinin tarixi və milli mədəniyyətdəki yeri barədə məlumat verilib, ənənəvi ipək kəlağayı nümunələri təqdim edilib.
Məlahət Nəcəfova AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqton



