Siyasət · AZƏRTAC

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL xəbəri üçün şəkil

Bakı, 27 oktyabr,

Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir.

Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisadi və geosiyasi qarşıdurma xətlərinin dəyişdirilməsi cəhdləri strateji rəqabətdə silahlı vasitələri dövriyyəyə salaraq münaqişələrin hərbi tərəfini gücləndirir.

Belə gərgin və problemli vəziyyətlərdə Azərbaycan Prezidenti İlham Əliyev qlobal böhranların fonunda mədəniyyətlərarası dialoqu sülhün mühüm vasitəsi kimi dünyanın diqqətinə çatdırır: Azərbaycan isə bu məsələdə model kimi istinad edilə biləcək etibarlı dövlətdir.

Prezident İlham Əliyevin Qlobal Forumda mesajları

Beynəlxalq və regional çağırışlara cavab vermək üçün kollektiv səylər ortaq məxrəcin tapılmasına istiqamətləndirilməlidir. Lakin belə praqmatik yanaşmalar ideya olaraq yaxşı səslənsə də, bəzən tərs tendensiyalara çevrilir.

Ancaq Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı Azərbaycan çərçivələrinin təqdim edilməsi baxımından diqqətəlayiqdir.

Məhz bu kontekstdə Prezident İlham Əliyevin çıxışı kritik və davamlı münaqişəyə səbəb olacaq potensial yanaşmalara alternativdir.

Ona görə də dövlətimizin başçısının Forumda Azərbaycan modelini qlobal miqyasda sınaqdan çıxmış effektiv həll yolu kimi önə çəkməsi təsadüfi deyil. Azərbaycan Prezidentinin bu kontekstdə səsləndirdiyi mesajlar bir neçə mühüm geosiyasi və multikultural məzmunu ehtiva edir:

- Azərbaycan nümunəsi unikaldır. Ölkə ərazisində yaşayan bütün etnik qruplar, dini icmalar hüquqi bərabərlik üçün konstitusion təminata malikdirlər;

- Bununla bərabər, dərin tolerantlıq və qarşılıqlı hörmət cəmiyyətin genetik kodunda kök salaraq, həmrəyliyi qoruyan ictimai təfəkkür tərzinə çevrilərək konstitusion mənzərəni praktiki olaraq tamamlayır. Bu, Azərbaycandakı xalqları bir ailə modeli ətrafında birləşdirir;

- Azərbaycan dövləti və multikulturalizm nümunəsi üçün parçalanma amili qəbuledilməzdir, bunun mənbəyi əsas ideoloji dayaq olan azərbaycançılıqdan irəli gəlir. Bu ideologiya etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarını vahid siyasi-mənəvi mərkəz ətrafında birləşdirir.

Deməli, Azərbaycan üçün daxili risklər yoxdur, lakin birliyi, həmrəyliyi pozmaq üçün xaricdən təhdid mənbələri formalaşdırılır. Bu, yeni hadisə deyil, amma Azərbaycana qarşı risk amillərinin şaxələnməsi təhlükəsizlik üçün əlavə çağırış deməkdir.

Prezident İlham Əliyev Forumda çıxışında bununla bağlı belə dedi: “Bir neçə dəfə qeyd etdiyim kimi, bizim Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq”.

Müasir dünyada əsas problem ideoloji fərqliliklər deyil, onların məqsədli şəkildə manipulyasiya edilməsi, idarəolunan xaos vasitəsinə çevrilərək dərin hərbi eskalasiyalara və qanlı münaqişələrə keçidinə şəraitin yaradılmasıdır. İdeoloji dünyagörüşlərinin istismar edilməsi Prezident İlham Əliyevin dediyi kimi, ambisiyalar, təcavüz və üstünlük hissinin yaranmasını hədəfləyir. Məhz bu destruktiv yanaşmaya qarşı Azərbaycanın sərgilədiyi prinsipial mövqe qlobal miqyasda mühüm mesajdır. Dövlətimizin başçısının vurğuladığı kimi, istənilən əsassız üstünlük iddiası və ya diktə cəhdləri qətiyyətli müqavimətlə qarşılanıb və qarşılanacaq. Beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipi bərqərar olmasa, qlobal böhranların səngiməsi mümkünsüzdür.

Prezident İlham Əliyev Azərbaycandakı həmrəyliyin 44 günlük Vətən müharibəsində necə təzahür etdiyini göstərməklə münaqişə tərəflərinə təcrübə təqdim edir. Hərçənd ki, dövlətimizin başçısının dediyi kimi, münaqişələr bir-birindən fərqlənir, lakin onların köklərini həmrəylik və multikultural prinsiplərlə aradan qaldırmaq mümkündür.

ABŞ və Çin ilə münasibətlər

İdeoloji çərçivələr, təhlükəsizlik prioritetləri və müstəqil xarici siyasət vahid strateji xətdə birləşdikdə dövlətin qlobal müstəvidəki təsir imkanları qat-qat artır. Azərbaycanın beynəlxalq təmasları, müttəfiqlik münasibətləri və strateji tərəfdaşlıq xətti də məhz həmin təməl üzərindən həyata keçirilir. Azərbaycan bu strateji müstəvidə də eksklüzivliyi ilə fərqlənir.

Belə ki, beynəlxalq aləmdə supergüc meyarlarına cavab verən iki dövlətlə - ABŞ və Çinlə münasibətlərin strateji səviyyəyə qədər yüksəlməsi Azərbaycanın manevr imkanlarını genişləndirir.

Prezident İlham Əliyevin Azərbaycanın həm Vaşinqton, həm də Pekinlə strateji tərəfdaşlıq formatında əlaqələrə malik olmasını xüsusi vurğulaması beynəlxalq geosiyasi reallıqların praqmatik xarici siyasətə uğurlu transformasiyasının nəticəsi kimi şərh oluna bilər.

Bundan əlavə, Azərbaycanla Trans-Atlantik məkanın aparıcı aktoru olan Avropa İttifaqı (Aİ) münasibətlərinin dərinləşdirilməsi ölkənin geosiyasi mövqeyini daha da möhkəmləndirəcək.

Beləliklə, Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında fundamental bir həqiqəti ortaya qoydu: Azərbaycanın multikulturalizm modeli daxili sabitliklə bərabər, qlobal miqyasda sülh və təhlükəsizlik arxitekturasının formalaşmasına verilən fundamental töhfə kimi qiymətləndirilə bilər.

Azərbaycanın mövcud dayanıqlılığı xarici risklər qarşısında qorunan siyasi sabitliyin, institusional iradənin və rasional diplomatiyanın məhsuludur.

Azərbaycanın rəsmi Vaşinqton və Pekinlə strateji tərəfdaşlıq formatlarını qoruması, həm də Aİ ilə əlaqələrini dərinləşdirməsi qütblər arasında manevr taktikası kimi görünə bilər. Daha dəqiqi, bu, ölkənin qlobal güc mərkəzlərinin kəsişmə nöqtəsində müstəqil təhlükəsizlik arxitekturası yaratmaq gücünün təzahürüdür. Məhz bu çoxtərəfli qoşulma modeli göstərir ki, Bakı regional aktordan qlobal sistemin iqtisadi və siyasi sabitliyini tənzimləyən əsas tərəfdaş səviyyəsinə yüksəlir.

Rəsmi Bakının qlobal aləmdə sülhün aparıcı aktoru kimi çıxış etməsi isə gələcəyin ədalətli beynəlxalq nizamı üçün mühüm bir istinad nöqtəsi ola bilər.

Müəllif – Aqşin Kərimov

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑