Bakı, 1 noyabr,
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı çərçivəsində Müasir İncəsənət Muzeyində rəssam Anar Hüseynzadə ilə görüş keçirilib. Görüş rəssamın “O” adlı fərdi sərgisinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Anar Hüseynzadənin yaradıcılıq prosesi, əsərlərinin arxasında dayanan hekayələr və fəlsəfi düşüncələr ətrafında müzakirələr aparılıb.
Rəssam üçün “O” hazır cavab deyil. Bu anlayış insanın tam izah edə bilmədiyi, lakin bütün həyatı boyu yaxınlaşmağa çalışdığı həqiqəti ifadə edir. Buna görə də sərgi tamaşaçıya vahid və qəti yozum təqdim etmir, hər kəsi öz sualları və “O”su ilə qarşılaşmağa dəvət edir. Sərginin adı da bu axtarışın açıq sonluğunu ifadə edir: “O” kimdir?
Qeyd edək ki, Anar Hüseynzadə 1995–1999-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. 2005-ci ildə bakalavr və magistr təhsilini başa vurub. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Rəssam yaradıcılığında müxtəlif mövzu və obrazlar vasitəsilə insan, yaddaş, mənəvi axtarış və varlıq məsələlərinə müraciət edir. Onun əsərləri Azərbaycanla yanaşı, Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə, Avstriya, Lüksemburq, Norveç, Türkiyə, Amerika Birləşmiş Ştatları, Kanada və Avstraliyadakı şəxsi və dövlət kolleksiyalarında yer alır.
Müxbir - Günel Alıyeva Fotoqraf - İlkin Cavanşirov




