Bakı, 4 noyabr,
Noyabrın 4-də Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin həyatından və döyüş yolundan bəhs edən “İsmayıl məqamı” sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qərbi Azərbaycan İcmasının Qadınlar və Gənclər şuralarının təşkilati dəstəyi ilə Nizami Kino Mərkəzində keçirilən mərasimdə dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə deputat Azay Quliyev çıxış edərək, Azərbaycan xalqının son 30 ildə ağır sınaqlardan keçməsinə baxmayaraq, iradəsini qoruduğunu və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad etdiyini bildirib. O, İsmayıl Kərimli kimi qəhrəmanların fədakarlığının Zəfərin qazanılmasında mühüm rol oynadığını vurğulayıb.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı isə filmin İsmayıl Kərimlinin timsalında Vətən uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsinə ehtiramın ifadəsi olduğunu deyib.
Şəhidin atası Ceyhun Kərimli filmin 11 ay ərzində ərsəyə gəldiyini bildirib. O qeyd edib ki, ekran əsərində İsmayıl Kərimlinin həyat yolu, sadə Azərbaycan ailəsində böyüyən gəncin qəhrəmana çevrilməsi, şəhidlik zirvəsinə ucalması və Şuşa əməliyyatında iştirakı əks olunub. Onun sözlərinə görə, filmin əsas məqsədi qəhrəmanlıq tarixini gələcək nəsillərə çatdırmaq, hərbçilərimizin keçdiyi döyüş yolunu nümayiş etdirmək və gənclərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verməkdir.
Sonra “İsmayıl məqamı” sənədli filmi nümayiş etdirilib.
Müxbir - Lalə Minasazova Fotoqraf - Xanlar Əlizadə





