Rusiya Prezidenti Vladimir Putinin Türkmənistandan qayıdan xüsusi təyyarəsi Moskva yaxınlığında havada dövrə vurmağa məcbur olub.
Axar.az TodayPress TV-yə istinadla xəbər verir ki, bu barədə “Flightradar24” xidmətinin məlumatlarında qeyd edilir.
Məlumata görə, Moskva hava məkanında tətbiq edilən məhdudiyyətlər və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti səbəbindən təyyarə eniş edə bilmir. PUA hücumu təhlükəsi ilə əlaqədar paytaxtın hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq olunub.
Bildirilib ki, Rusiya "xüsusi uçuş dəstəsi"nə məxsus dörd təyyarə Moskva yaxınlığında gözləmə rejimində dövrə vurur. Onlardan üçü Putinin səfərinin başa çatdığı Türkmənistanın Türkmənbaşı hava limanından yola düşüb.
Məlumata əsasən, təyyarələrdən ikisinin Sankt-Peterburqda eniş edə biləcəyi ehtimal olunur.
Qeyd edək ki, yayılan məlumata görə, Ukraynada müharibənin başlanmasından bəri ilk dəfə belə hal qeydə alınıb. Hazırda Putinin özünün təyyarədə olub-olmadığı, eləcə də təyyarənin harada və nə vaxt eniş edəcəyi məlum deyil.
Xatırladaq ki, bundan öncə Moskva hava limanlarında 432 reysin təxirə salındığı və ya ləğv edildiyi bildirilmişdi.



