Kolumbiyanın Venesuela ilə sərhədindəki Norte-de-Santander vilayətində bomba partlaması nəticəsində azı dörd polis əməkdaşı yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə əyalətin qubernatoru Uilyam Vilyamisar X sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, hadisə Kolumbiyanın Kukuta şəhərində, Venesuela ilə sərhəddə yerləşən Fransisko de Paula de Santander körpüsünün yaxınlığında, yerli vergi idarəsinin binası qarşısında baş verib.
Qeyd edilib ki, partlayış nəticəsində həm də bir neçə nəqliyyat vasitəsinə ziyan dəyib.
Məlumata görə, hücum Kolumbiya hakimiyyətinin cinayətkar dəstələr və üsyançı qruplaşmalarla mübarizəsini gücləndirməsi fonunda baş verib. Çərşənbə axşamı səhər saatlarında Medelyində keçirilən xüsusi əməliyyat zamanı qanunsuz narkotik dövriyyəsi və insan alveri şəbəkələrinin təşkilində şübhəli bilinən 135 nəfər saxlanılıb.




