“Qalatasaray”ın sabiq futbolçusu Kerem Demirbay son müsahibəsində səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Apasport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edərək sözlərinin yanlış başa düşüldüyünü bildirib.
Demirbay “Qalatasaray”da qazandığı çempionluqların böyük zəhmət və fədakarlıq nəticəsində əldə olunduğunu vurğulayıb:
“Qalatasarayda keçirdiyim son dörd ildə qazandığımız çempionluqlar böyük əməyin, fədakarlığın və mübarizənin nəticəsidir. Mən də bu prosesin iki ilində komandanın bir parçası olmuşam. Qazanılan uğurların arxasında böyük mübarizə dayanırdı. Bu müddətdə həm maddi, həm də mənəvi baxımdan çox çətinliklərlə üzləşdik. Lakin yaşananlar həmişə komandanın daxilində qaldı. Çünki biz qarşılaşdığımız problemləri bəhanəyə çevirmədən birlik və bərabərlik içərisində həll etdik”.
Futbolçu açıqlamasının azarkeşlər arasında narazılıq yaratmasına da münasibət bildirib:
“Sözlərimin təhrif olunması nəticəsində “Qalatasaray” camiəsində yaranan incikliyin fərqindəyəm və buna görə üzgünəm. Birlikdə mübarizə apardığım insanların əməyini və qazandığımız çempionluqların dəyərini heç vaxt şübhə altına almaq niyyətim olmayıb. Əksinə, hər şeydən əvvəl bu zəhmətə hörmətlə yanaşmışam. Birlikdə çalışdığım hər kəsə və göstərilən əməyə hörmətim sonsuzdur”.
Demirbay bundan sonra da eyni ciddiyyət və qətiyyətlə mübarizə aparacağını bildirib.
Qeyd edək ki, Kerem Demirbay 2023–2025-ci illərdə “Qalatasaray”ın formasını geyinib.



