Rubio: Hazırda Ukraynadakı müharibənin danışıqlar yolu ilə həlli perspektivi yoxdur
ABŞ Dövlət katibi Marko Rubio hazırda Rusiya-Ukrayna müharibəsinin diplomatik danışıqlar yolu ilə başa çatdırılmasının mümkün görünmədiyini bildirib.
Rubio bu barədə Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində deyib.
ABŞ Dövlət katibinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi strateji dalana dirənib və bu vəziyyətdən ya danışıqlar, ya da eskalasiya yolu ilə çıxmaq mümkündür.
Rubio diplomatik səylərin nəticə verməməsinin səbəblərindən birinin Rusiyanın Donbasa tam nəzarət tələb etməsi, Ukraynanın isə bu tələbi qəbuledilməz hesab etməsi olduğunu bildirib.
“Hazırda danışıqlar yolu ilə nizamlanma perspektivi görünmür. Biz buna nail olmaq üçün bacardığımız istənilən rolu oynamağa hazırıq. Biz bunu əvvəllər də etməyə çalışmışıq, lakin indiyədək bu məqsədə nail olmaq mümkün olmayıb. Çünki ruslar Donbasa tam nəzarət şərtini irəli sürürlər və Ukrayna bunu qəbuledilməz hesab edir”, – Rubio deyib.
O, ABŞ-ın münaqişənin diplomatik yolla nizamlanmasına yardım etməyə hazır olduğunu vurğulayıb.






