Rusiya Ermənistanın dəmir yolu xətlərinin bərpası ilə bağlı təklifə cavabını gözləyir
Rusiya Ermənistanın konsessiyasında olan iki dəmir yolu hissəsinin bərpası ilə bağlı təklifə İrəvanın cavabını gözləyir.
APA xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Söhbət Yerasxdan (Arazdəyən - red.) Naxçıvanla sərhədə qədər və Gümrüdən Türkiyə ilə sərhədə qədər olan dəmir yolu hissələrindən gedir.
“Bu gün Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclasında bu iki hissənin bərpasını dəstəklədiyimizi bildirdik. Biz bu məsələdə Ermənistana kömək etməyə və Yerasxdan Naxçıvana qədər nəqliyyat bağlantısının təmin olunmasında, həmçinin Gümrüdən Türkiyə sərhədinə qədər olan hissənin bərpasında iştirak etməyə hazırıq”, – Overçuk jurnalistlərə bildirib.
Rusiya Baş nazirinin müavini qeyd edib ki, bununla bağlı qərarlar hələ yanvar ayında Rusiya Prezidenti səviyyəsində qəbul edilib.
Overçuk yaxın vaxtlarda məsələni irəli aparacaq çox mühüm görüşlərin keçirilməsini gözlədiyini bildirib.

