Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklər edildikdən sonra yekun sülh sazişinin imzalanması reallığa çevrilə bilər.
O, bu barədə oktyabrın 2-də Bakıda keçirilən CAMCA 2026 Regional Forumunun ikinci günündə çıxışı zamanı danışıb.
“Biz yalnız son bir addımı – Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyirik. Bundan sonra, düşünürəm ki, yekun sülh sazişi reallığa çevriləcək”, – Hikmət Hacıyev deyib.
O bildirib ki, hazırda Cənubi Qafqazda sülh və təhlükəsizlik var, lakin bunun davamlılığının təmin edilməsi vacibdir. Prezidentin köməkçisi Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin həll olunduğunu bildirib.
“Biz həmişə deyirdik ki, müharibədə qalib gəlmişik. Amma daha bir addım atmaq – sülhü qazanmaq vacib idi”, – o deyib.
Hikmət Hacıyev bunun son dərəcə çətin vəzifə olduğunu vurğulayıb.
Böyük güclərlə münasibətlərin inkişafıPrezidentin köməkçisi ABŞ-nin gələcək administrasiyalarının da Bakı ilə münasibətləri inkişaf etdirməyə davam edəcəyinə əminliyini ifadə edib.
“Əminik ki, gələcək administrasiyalar bu münasibətləri inkişaf etdirməyə davam edəcək. ABŞ tərəfi də sülh gündəliyinə diqqət ayıracaq və regionla bu çərçivədə əməkdaşlığı davam etdirəcək”, – o bildirib.
Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan son iki ildə ABŞ, Çin və Avropa İttifaqı da daxil olmaqla dünyanın aparıcı gücləri ilə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirib.
O bildirib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit yalnız Azərbaycan–Ermənistan sülh gündəliyi ilə məhdudlaşmayıb. Sammit çərçivəsində Azərbaycan–ABŞ münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəlib.
Prezidentin köməkçisi qeyd edib ki, əvvəlki ABŞ administrasiyaları dövründə Azərbaycan müəyyən çətinliklərlə üzləşib, Cənubi Qafqaz və Xəzər regionuna isə kifayət qədər diqqət ayrılmayıb. Onun sözlərinə görə, Bakı ABŞ-nin regiondakı əhəmiyyətinə uyğun rol oynamasını istəyib.
Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan Çinlə hərtərəfli strateji tərəfdaşlıq qurub və hazırda bu tərəfdaşlığın praktiki icrası istiqamətində iş aparılır.
Mərkəzi Asiya ilə nəqliyyat əlaqələriHikmət Hacıyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə iştirakçı kimi qəbul edilməsi barədə Mərkəzi Asiya ölkələrinin yekdil qərarını müsbət qiymətləndirib.
Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq iqtisadiyyat, ticarət və biznes sahələrini əhatə edir. Əsas istiqamətlərdən biri də nəqliyyat əlaqələrinin genişləndirilməsidir.
“Azərbaycanın da Mərkəzi Asiya ölkələri kimi okeana birbaşa çıxışı yoxdur. Buna görə də yeni nəqliyyat əlaqələrinin yaradılması üzərində fəal işləyirik. Düşünürəm ki, bu amilləri əsas götürərək Mərkəzi Asiyadan olan dostlarımız və tərəfdaşlarımızla birlikdə nəqliyyat və kommunikasiya arxitekturasını tamamilə dəyişməyə çalışırıq”, – o bildirib.

