Fars körfəzindən Afrika Buynuzunadək hökumətlər nəzarət edə bilmədikləri münaqişənin mümkün nəticələrinə hazırlaşırlar. Ehtiyat planları artıq ticarət marşrutlarını, ittifaqları və regionun xəritəsini yenidən formalaşdırmağa başlayıb.
Yaxın Şərqdə bunu açıq şəkildə dilə gətirən paytaxtların sayı azdır, lakin əksəriyyət eyni ehtimala əsaslanaraq hərəkət edir: hazırkı böhran aydın və qəti razılaşma ilə başa çatmayacaq. Əksinə, uzunmüddətli və gərgin qarşıdurmaya çevrilə və ya daha ağır mərhələyə keçə bilər.
Yeni boru kəmərlərinin çəkilməsindən və ehtiyatların artırılmasından tutmuş diplomatik əlaqələrin pozulmasına və silahlı qruplarla qapalı danışıqlara qədər baş verənlərin böyük hissəsini məhz bu yanaşma izah edir.
Etimad niyə sarsılıb?Siyasi baxımdan region illərdir mövcud nizamın zəifləməsinin şahididir. İranın, onun müttəfiqlərinin və rəqiblərinin iştirak etdiyi müharibə bir neçə cəbhəyə yayılıb. İraq, Yəmən və Sudan kimi ölkələrdə dövlət hakimiyyəti uğrunda mübarizə davam edir, əvvəllər sabit görünən ittifaqlar isə getdikcə şərtlərdən asılı vəziyyətə düşür.
Uzun müddət ABŞ-nin təhlükəsizlik təminatına arxalanan Fars körfəzi ölkələri bir müddətdir mümkün risklərə qarşı alternativlər axtarırlar. Onlar ABŞ silahlarını almağa davam etməklə yanaşı, Tehran, Pekin və Moskva ilə də əlaqələri genişləndirirlər.
İqtisadi zərər isə konkret şəkildə hiss olunur. 2023-cü ilin sonundan Qırmızı dənizdə gəmilərə hücumlar daşıyıcıları Süveyş kanalından uzaqlaşdırıb. Dünya neftinin təxminən beşdəbirinin daşındığı Hörmüz boğazı ətrafındakı təhdidlər Fars körfəzi ölkələrinin ixrac modelinin nə qədər həssas olduğunu bir daha göstərib. Sığorta xərcləri artıb, daşınma cədvəlləri yenidən tərtib olunub, tranzit rüsumlarından, neft gəlirlərindən və ya ticarət dəhlizlərindən asılı hökumətlər isə bunun büdcələrinə təsirini hiss ediblər.
Təhlükəsizlik mənzərəsi də getdikcə daha parçalanmış xarakter alır. Öz silahları, maliyyə mənbələri və məqsədləri olan silahlı qruplar sərhədləri aşaraq fəaliyyət göstərirlər. Bir ölkədən buraxılan raket və ya pilotsuz uçuş aparatı başqa ölkədə fəsadlara səbəb ola bilər. Bu qrupları kimin həqiqətən cilovlaya biləcəyi isə aydın deyil.
Bütün bunların fonunda qarşılıqlı etimadsızlıq dərinləşir. Fars körfəzi ölkələri Vaşinqtonun regionda iştirakını davam etdirəcəyinə şübhə ilə yanaşırlar. Bağdad nəzarət etməli olduğu silahlı qruplara etibar etmir. Misir və Efiopiya arasında Nil çayı ilə bağlı fikir ayrılıqlarına indi Qırmızı dəniz məsələsi də əlavə olunub. Çin isə Fars körfəzindən enerji təchizatına nə qədər arxalana biləcəyini nəzərdən keçirir. Hər kəs başqa tərəfin verdiyi vədin yerinə yetirilməməsi ehtimalını nəzərə alaraq plan qurur.
- Səudiyyə Ərəbistanı–ABŞ danışıqlarında Qırmızı dəniz təhlükəsizliyi ön plandadır
-
Səudiyyə Ərəbistanı husilərin hücumları fonunda əsas neft kəmərini bərpa edib
Üç mümkün istiqamət görünür. Birinci ssenaridə qapalı diplomatik səylər nəticəsində gərginlik azalır, gəmiçilik Qırmızı dənizə qayıdır və riskləri azaltmaq üçün görülən tədbirlərin artıq ehtiyat olduğu ortaya çıxır.
İkinci ssenaridə qarşıdurma uzanır, yeni marşrutlar, ehtiyatlar və ittifaqlar regionun daimi reallığına çevrilir.
Üçüncü ssenaridə Hörmüz boğazı və ya Qırmızı dəniz ətrafında yeni eskalasiya, yaxud İraq və ya Afrika Buynuzundakı qarşıdurmanın təsirlərinin yayılması hökumətləri hazırladıqları ehtiyat planlarını işə salmağa məcbur edir.
Bu ssenarilərdən hansının gerçəkləşəcəyini söyləmək mümkün deyil. Lakin görülən hazırlıqlar artıq proseslərə təsir göstərir. Bir dövlətin özünü qorumaq üçün atdığı addımlar qonşusu tərəfindən təhdid və ya geri çəkilmə əlaməti kimi qəbul oluna bilər.

ABŞ qüvvələrinin çıxarılması Vaşinqton və Bağdad arasında 2024-cü ildə razılaşdırılmış mərhələli keçid planına uyğun həyata keçirilib. Bu proses regional müharibənin davam etdiyi bir vaxtda baş verir və yaranan boşluğu kimin dolduracağı məsələsini gündəmə gətirir.
Bağdad bütün silahların dövlətin nəzarətində olmalı olduğunu bildirir. Bir çoxu Xalq Səfərbərlik Qüvvələri ilə əlaqəli olan İranyönlü qruplar isə özlərinə məxsus hesab etdikləri silahları təhvil verməkdən imtina edirlər. Hökumət formal hakimiyyətə malik olsa da, silahlı qruplar böyük hərbi gücə və ciddi siyasi təsir imkanlarına malikdirlər.
Məsələnin təsiri İraqın sərhədlərini xeyli aşır. Dövlətin tam nəzarət edə bilmədiyi ərazilər Fars körfəzindəki qonşulara təzyiq göstərmək və ya silahları digər cəbhələrə, o cümlədən Yəmən husilərinə çatdırmaq üçün istifadə oluna bilər. Xarici dəstəyin son illərin ən aşağı səviyyələrindən birinə düşdüyü bir vaxtda Bağdadın əsas vəzifəsi İraqın bu zəncirin bir hissəsinə çevrilməsinin qarşısını almaqdır.
Efiopiya və Eritreya arasında yeni qarşıdurma xəttiEfiopiya və Eritreya arasında diplomatik əlaqələrin kəsilməsi Qırmızı dənizdə vəziyyətin Yəməndəki müharibə və husilərin gəmiçiliyə hücumları səbəbindən onsuz da gərgin olduğu bir dövrə təsadüf edir.
Əhalisi 100 milyondan çox olan Efiopiya Eritreyanın 1993-cü ildə müstəqillik qazanmasından sonra dənizə çıxışını itirib. Əddis-Əbəbə açıq şəkildə dənizə çıxış əldə etməyə və Qırmızı dənizdə rolunu genişləndirməyə çalışır. Eritreya isə uzun və strateji sahil xəttinə nəzarət edir və buradakı təsir imkanlarını bölüşmək istəmir.
Qonşu ölkələrin narahatlığı üçün də əsaslar var. Nil çayındakı bəndlə bağlı Efiopiya ilə onsuz da fikir ayrılığı yaşayan Misirin Qırmızı dənizin təhlükəsizliyində öz maraqları var. Sudandakı müharibə ölkəni mümkün yeni qüvvələr balansına cəlb edə bilər. Cibutidə xarici hərbi bazalar yerləşir və Efiopiyanın xarici ticarətinin böyük hissəsi bu ölkədən keçir. Mümkün qarşıdurma onların hamısına təsir göstərə bilər.
Çin enerji təchizatını qorumağa çalışırÇin neft emalı şirkətlərinin oktyabr üçün yanacaq ixracını dayandırması daxili ehtiyatların qorunmasına yönəlib. Çin dünyanın ən böyük enerji istehlakçılarından biridir və Fars körfəzindən böyük həcmdə xam neft alır. Münaqişənin enerji axınlarını pozduğu bir vaxtda yanacağı daxili bazarda saxlamaq uzunmüddətli şokun təsirlərinə qarşı əlavə qoruma yaradır.
Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər üçün bu addımın nəticələri birmənalı deyil, çünki Çin onlar üçün mühüm müştəri olaraq qalır. Lakin yanacaq ehtiyatlarını artıran və daxili bazarını qoruyan alıcı hər hansı bir təchizatçıdan müəyyən qədər daha az asılı olur. Fars körfəzi istehsalçıları da bunu nəzərə alacaqlar.
Bəzi gəmiçilik və enerji axınları tədricən bərpa olunur. Lakin şirkətlər aylarla marşrutlarını yenidən qurub, sığorta şərtlərini yenidən razılaşdırıb və Ümid burnundan keçən daha uzun yola uyğun daşınma cədvəlləri hazırlayıblar.
Yəmən husilərinin Qırmızı dənizdə gəmiçiliyə hücumlarından əvvəl dünya ticarətinin təxminən 12 faizi Süveyş kanalından keçirdi. Kanal gəlirləri maliyyə təzyiqi ilə üzləşən Misir hökuməti üçün mühüm əhəmiyyət daşıyır. Təhlükəsizlik vəziyyəti yaxşılaşarsa, daşıyıcıların kanala nə qədər sürətlə qayıdacağı əsas məsələlərdən biri olacaq.
Gəmiçilik şirkətləri adətən ehtiyatlı davranırlar. Onların bir çoxu hazırlanması aylarla davam edən alternativ daşınma planlarından imtina etməzdən əvvəl sabitliyin davamlı olacağına əmin olmaq istəyəcək. Alternativ marşrutlara keçən gəmilərin bir hissəsi isə Süveyş kanalına geri qayıtmaya bilər.
Region strateji dar keçidlərdən yan keçən yeni marşrutlar yaradır.
Fars körfəzi ölkələri Hörmüz boğazının həssaslığı səbəbindən alternativ quru marşrutları yaratmağa çalışırlar. Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçərək nefti Qırmızı dəniz sahilindəki Yanbuya çatdıran Şərq–Qərb neft kəmərinə daha çox arxalanır. BƏƏ isə Oman körfəzi sahilindəki Füceyrəyə çıxışı təmin edən marşruta malikdir.
Efiopiya Cibutiyə gedən dəhlizdən asılıdır. Misir isə Qırmızı dənizin ən mühüm iqtisadi aktivlərindən biri olan Süveyş kanalını qorumağa çalışır.
Daha şimalda Türkiyə Asiya, Fars körfəzi və Avropa arasında logistika körpüsü kimi rolunu genişləndirir.
Bu addımların hər biri ayrı-ayrılıqda məntiqlidir. Lakin birlikdə onlar region ölkələrinin həyati əhəmiyyətli dəniz yollarının həmişə açıq qalacağı fərziyyəsinə artıq arxalanmadığını göstərir.
Bütün bunların ehtiyat tədbiri, yoxsa daha ağır vəziyyətə hazırlıq olduğu region paytaxtlarının cavab axtardığı əsas sualdır. Nəticə təkcə növbəti zərbənin harada endiriləcəyindən deyil, qonşu dövlətlərin öz ehtiyat planlarından necə istifadə edəcəyindən də asılı olacaq.
